Accessibility links

Prezident administrasiyası niyə belə böyükdür?


Azərbaycanda dövlət orqanlarının aparatlarının saxlanmasına nə qədər vəsait xərclənir? Ən çox vəsait hansı quruma ayrılır?

Bu günlər Bakı Araşdırmalar İnstitutu 2019-cu ilin büdcəsində dövlət qurumlarının saxlanmasına ayrılan vəsaitlərin həcmini göstərən infoqrafika hazırlayıb. Həmin infoqrafikadan görünür ki, ən çox vəsait Prezident Administrasiyasının saxlanmasına ayrılıb. Bir ildə administrasiyanın saxlanması xərcləri 98,5 milyon manat nəzərdə tutulub.

Bir ildə administrasiyanın saxlanması xərcləri 98,5 milyon manat nəzərdə tutulub.


Asan xidmətin saxlanması isə bir ildə 28 milyon manata başa gəlir. Milli Məclisin saxlanma xərcləri də hardasa 28 milyon manat civarındadır. Təhsil nazirliyi aparatının saxlanması xərcləri 11 milyon manat, Səhiyyə Nazirliyinin aparat xərcləri isə 2,3 milyon manatdır.

İnfoqrafikadan məlum olur ki, məsələn, prezident administrasiyanın saxlanmasına Milli Məclisin saxlanma xərclərindən 3 dəfə çox vəsait xərclənir.

Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu vəsaitə əsasən maaşlar, ezamiyyət xərcləri daxildir.

Natiq Cəfərli
Natiq Cəfərli

Onun sözlərinə görə, prezident administrasiyasının daha çox vəsait ayrılmasının əsas səbəbi orada daha çox işçilərin olması, daha çox ezamiyyət və digər xərclərin olmasına görədir. Onun fikrincə, bir çox dövlət qurumlarında olduğu kimi Prezident Administrasiyasında da ştat yerləri həddindən artıq çoxdur:

“Orada işçilərin sayının azaldılmasına ciddi ehtiyac var. Çünki Prezident administrasiyasında işləmək bir prestijli iş hesab olunur. Ona görə də orada ştat yerləri genişləndirilir, məmurlar öz yaxın adamlarını prezident administrasiyasında işlə təmin etməyə çalışırlar. Ona görə də Prezident Administrasiyasının saxlanmasına ayrılan vəsait digər nazirlik və komitələrin baş aparatlarının saxlanmasına ayrılan vəsaitdən daha çoxdur. Çünki burada iş yerlərinin sayı çoxdur, maaşlar çox yüksəkdir, ezamiyyət xərcləri və sair var. Amma məsələn səhiyyə nazirliyinin saxlanmasına ayrılan vəsait daha azdır, çünki işçilərinin sayı azdır”.

Biz dövlət büdcəsi, eləcə də, hesablama palatasının 2019-cu ilin büdcə və 2018-ci ilin büdcəsinin icrası ilə bağlı rəylərində bu xərclərin təsnifatlı bölgüsü haqda məlumatlara rast gəlmədik.

Şəffaflıq olmalıdır

Millət vəkili Fazil Mustafa deyir ki, məsələn, Milli Məclisə də ayrılan vəsait çox görünə bilər, amma əslində elə deyil. Onun sözlərinə görə, parlamentin saxlanma xərclərinə qənaət etmək məqsədilə bəzən deputatlar ezamiyyətə belə göndərilmir.

2019-cu ilin dövlət büdcəsində Milli Məclisin saxlanma xərci 27,7 milyon manatdır.

“Məsələn, Avropa Parlamentində təmsil olunun deputatlar çox vaxt iclaslara tam tərkibdə qatıla bilmir. Yalnız Azərbaycanla bağlı hansısa ciddi müzakirələr və ya səsvermələr zamanı tam tərbikdə gedə bilirik”.

Fazil Mustafa dövlət əhəmiyyətli tədbirlərdə Azərbaycanın təmsilçiliyini olduqca önəmli sayır.

Müxalif Real Partiyasının icra katibi Natiq Cəfərli isə düşünür ki, xərclər varsa, bu detallı ictimaiyyətə açıqlanmalıdır.

Fazil Mustafa isə bildirir ki, elə o özü də dəfələrlə həm maliyyə nazirinin, həm də hesablama palatasının sədrinin parlamentdə hesabatı zamanı bu məsələni qaldırıb. Ayrılan xərclərin detallı olaraq, açıqlanmasını təklif edib.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Dövlət idarələrinin saxlanmasında şəffaflıq mövzusu ara-sıra mediaya sızan tender məlumatlarında da gündəmə gəlir.

Hansısa icra orqanında şişirdilmiş dəftərxana xərcləri, binaların saxlanmasına sərfiyyat materiallarının baha alınması çox səslənən ittihamlar sırasındadır.

Prezident Administrasiyasının özü də müxtəlif vaxtlarda bənzər ittihamlarla üzləşib.

Administrasiyanın təsərrüfat işlərinə rəhbərlik edən Akif Muradverdiyev 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanmışdı. Sonradan məhkəmədə ona külli miqdarda dövlət əmlakını mənimsəmə, rüşvətalma maddələri ilə 6 il azadlıqdan məhrumetmə cəzası verildi. Amma özü və vəkili bu ittihamları rədd edirdilər.

(c) AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG