Accessibility links

Prezident Əliyev: Azərbaycan yaxın günlərdə peyvəndi gözləyir


COVİD-19 vaksini
COVİD-19 vaksini

Yanvarın 5-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Bu gün, yanvarın 5-də prezident İlham Əliyev bildirib ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq.

“Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək,” dövlət başçısı qeyd edib.

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycanda vaksinasiyanın yanvarın əvvəlindən etibarən başlanması gözlənilir.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.

Türkiyənin və Azərbaycanın Çin istehsalı olan “Sinovac” peyvəndi aldığı bildirlir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

XS
SM
MD
LG