ABŞ Prezidenti Co Bayden Britaniyanın Baş Naziri Boris Conson, Qərbdəki həmkarları eləcə də Putinlə planlaşdırlan görüşü üçün artıq Avropa səfərinə başlayıb.
Obama-Bayden administrasiyasının qarşı çıxdığı Brexit də daxil olmaqla bir çox məsələlərdə fikir ayrılığı yaşayan Co Bayden ilə Boris Conson arasında cümə axşamı gündüz saatlarında keçiriləcək görüş dünya tərəfindən maraqla gözlənilir.
"İkisi arasında ilkin münasibətlər yaxşı deyil. Prezident Bayden Consonu Donald Trampın klonu adlandırıb" deyə Wilson Mərkəzinin Qlobal Avropa Proqramının direktoru Dan Hamilton bildirib.
İrlandiya əsilli Co Bayden Brexitin Böyük Britaniyanın bir hissəsi olan Şimali İrlandiyaya sülh gətirən və ABŞ-ın vasitəçilik etdiyi 1998 ci ildə imzalanan "Yaxşı Cümə Sazişi"-nə xələl gətirəcəyindən narahatdır.
"Prezident Bayden Şimali İrlandiyada dinc şəkildə birlikdə yaşamağın təməli kimi "Yaxşı Cümə Sazişin"-ə olan inamını açıq şəkildə bildirib. Bu razılaşma qorunmalıdır və ona xələl gətirən və ya təhlükə yaradan addımlar ABŞ tərəfindən birmənalı qarşılanmayacaq " deyə Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan Amerikanın Səsinə bildirib. O həmçinin əlavə edib ki, Bayden bu mövzuda "prinsipial açıqlamalar" verəcək.
Lakin gərginliyə baxmayaraq, Hamilton deyir ki, liderlər transatlantik münasibətləri ölkələrinin maraqlarına uyğun şəkildə davam etdirmək öhdəliyini götürəcəklər. Conson hökuməti xarici siyasət strategiyasının cəmləşdirilmiş icmalını yenicə tamamlayıb və bu strategiya bu iki müttəfiq arasındakı xüsusi əlaqənin təsdiqi daxildir.
Bayden Britaniya səfərinə çərşənbə günü Kral Hava Qüvvələrinin Saffolkda yerləşən Mildenhall hava bazasındakı ABŞ əsgərlərinin qarşısında çıxış edərək başlayıb.
"Təşəkkür edirəm. Sizə borcluyuq. Sizinlə qürur duyuruq" deyən Bayden əlavə edib ki,"Siz Birləşmiş Ştatların möhkəm polad onurğa sütunusunuz. Siz yalnız döyüşçü deyilsiniz. Siz diplomatlar və körpü inşa edənlərsiniz".
Bayden çıxışı zamanı qarşıdan gələn günlərdə Böyük Yeddilər topantısı, Avropa İttifaqı Sammitindəki gündəliyi eləcə də gələn həftə planlaşdırılan Putinlə görüşü haqqında da danışıb.
O bildirib ki, "Mən Putinə nə lazımdırsa deyəcəm. Ona ABŞ-da, Avropada və digər yerlərdə demokratik dövlətlərin suverenliyini pozmağın nəticələrinin olduğunu bildirəcəm".