Accessibility links

Co Bayden və Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini müzakirə edəcək


Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Prezident Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində ikitərəfli görüş zamanı insan hüquqları da daxil olmaqla, bir neçə mövzunu geniş müzakirə edəcəklərini bildirib.

Sallivan Ağ Evdə jurnalistlərə Baydenin bu və gələn həftə Britaniya, Belçika və İsveçrəyə edəcəyi səfərləri barədə məlumat verib.

14 iyunda NATO sammiti zamanı keçirilməsi planlaşdırılan Bayden və Ərdoğan görüşünün detalları barədə suala cavab verən Sallivan deyib ki, görüş geniş və əhatəli bir gündəliyə sahib olacaq.

Aralıq dənizinin şərqi, Suriya, İran və Dağlıq Qarabağ məsələsinin iki lider tərəfindən müzakirə ediləcəyini ifadə edən müşavir bildirib ki, Türkiyənin Əfqanıstanla bağlı danışıqlarda və diplomatiyada oynayacağı rolu da görüşün müzakirə mövzusu olacaq.

Sallivan həmçinin bildirib ki, görüşdə "ABŞ və Türkiyənin dəyərlər, insan haqları və digər mövzulardakı fikir ayrılıqlarını necə həll ediləcəyi" ilə bağlı müzakirə də aparılacaq.

O, Prezident Baydenin Ərdoğanı yaxşı tanıdığını vurğulayaraq deyib ki, "hər iki lider birlikdə çox vaxt keçiriblər və hər ikisi də münasibətlərinin bütün səviyyələrini nəzərdən keçirmək üçün liderlərin bu ciddi fürsəti səbrisizliklə gözlədiklərini düşünürəm".

Prezident Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasındakı görüşün tarixi keçən həftə dəqiqləşdirilib. Ağ Ev liderlərin 14 iyunda NATO sammiti zamanı görüşəcəklərini açıqlayıb.

Bu görüş Bayden administarsiyasının yanvar ayında ABŞ-da vəzifəyə başladığından bəri ilk dəfədir ki, üz-üzə baş tutacaq. Liderlər bundan əvvəl 23 aprel tarixində telefon danışığı aparmışdı.

Şərhlərə bax

XS
SM
MD
LG