Accessibility links

Prezident İlham Əliyevin `Azərbaycan demokratik ölkədir` fikrinə müxalif baxışlar


Demokratiya və avtoritarizm
Demokratiya və avtoritarizm

Prezident İlham Əliyevin Azərbaycanın demokratik ölkə olması, fundamental hüquqların tam təmin edilməsi, siyasi dialoqun mövcudluğu barədə dedikləri müxalifət tərəfindən qəbul edilmir. Müxalif siyasi partiya rəhbərləri və hüquq müdafiəçisi əksini düşünür

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: İnsan hüquqlarının qorunması hökumətin başlıca prioritetləri sırasındadır

“Azərbaycan sabit, müasir və demokratik ölkədir.”

Bu barədə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan prezidenti İlham Əliyev videoformatda çıxışı zamanı bildirib.

Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşmaq azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.
İlham Əliyev, Azərbaycan prezidenti

Dövlət başçısı deyib ki, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması Azərbaycan hökumətinin başlıca prioritetləri sırasındadır.

“Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir,” o qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: İlham Əliyev faktları təhrif etməklə yalnız özünü aldadır

Müsavat Partiyasınıən başqanı Arif Hacılı Amerikanın Səsinə təəssüflə bildirib ki, Azərbaycanda İlham Əliyevin təsvir etdiyi cəmiyyət mövcud deyil.

“Hətta piketlərin, nümayişlərin qadağan edildiyi, bir stadionda belə mitinqlərin keçirilməsinə icazə verilməyən ölkədə hansı sərbəst toplaşma hüququndan, qəzetin bir mədəniyyət növü kimi sıradan çıxarıldığı, jurnalistlərin həbs edildiyi, müxalifətin televiziyalara buraxılmadığı ölkədə hansı ifadə azadlığından danışmaq olar?” o, sual edib.

Piketlərin, nümayişlərin qadağan edildiyi, bir stadionda belə mitinqlərin keçirilməsinə icazə verilməyən ölkədə hansı sərbəst toplaşma hüququndan, qəzetin bir mədəniyyət növü kimi sıradan çıxarıldığı, jurnalistlərin həbs edildiyi, müxalifətin televiziyalara buraxılmadığı ölkədə hansı ifadə azadlığından danışmaq olar?
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Hacılının fikrincə, hazırda 200-dən artıq siyasi məhbus fərqli düşüncələrinə görə ölkənin müxtəlif həbsxanalarında cəza çəkir.

“Onların arasında siyasətçilər, jurnalistlər, inanclı kəsimin nümayəndələri var.”

Müsavat Partiyasının başqanı hesab edir ki, son illər ərzində keçirilən bütün `seçkilərin nəticələri kobudluqla saxtalaşdlrılıb.`

“Beynəlxalq qurumlar Azərbaycanda seçkilərin saxtalaşdırılması faktlarına daim münasibət bildirsələr də ölkədə vəziyyət dəyişməyib.”

Hacılının qənaətinə görə, İlham Əliyev hamıya məlum olan faktları təhrif etmək, demokratiya ilə bağlı mövcud vəziyyətin tam əksini iddia etməklə heç kəsi yox, yalnız özünü aldadır.

O hesab edir ki, Azərbaycanda bəzi partiyaların hakimiyyətə sığınmasının siyasi dialoq kimi təqdim olunması gerçək dialoqdan yayınmanın üsullarından biridir.

“Ölkədə siyasi dialoq mühitinin olduğu barədə iddialar da, azad cəmiyyətin mövcudluğu, fundamental hüqüqların təmin edildiyi, azad seçkilərin keçirildiyi iddiaları qədər uydurmadır,” Müsavat Partiyasının başqanı qeyd edib.

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədli: Azərbaycan Avropa Şurası üzvləri arasında ən çox pozuntuların qeydə alındığı ölkədir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli Amerikanın Səsinə deyib ki, İlham Əliyevdən fərqli olaraq ölkədə demokratiyanın inkişafı, insan hüquqlarının qorunmasının hökumətin prioritetləri sırasında olduğunu düşünmür.

Anar Məmmədli: Azərbaycan Avropa Şurası üzvləri arasında ən çox pozuntuların qeydə alındığı ölkədir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

“Xüsusi qeyd etmək istəyirəm ki, siyasi azadlıqlar sahəsində, o cümlədən ifadə azadlığı, toplaşmaq azadlığı, seçki hüququ sahəsində Azərbaycan Avropa Şurası ölkələri arasında ən çox pozuntuların qeydə alındığı ölkədir. Bu müxtəlif beynəlxalq təşkiltaların, yerli qurumların hesabatlarında da öz əksini tapıb. Xüsusilə diqqət yetirmək lazımdır ki, sonuncu parlament seçkisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ciddi tənqidlərinə məruz qaldı və orada ölkədə siyasi azadlıqlarla bağlı, demokratik mühitlə bağlı problemlər qeyd edildi. İkinci məsələ, Avropa Şurası Parlament Assambleyasının 2020-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini xatırlatmaq istərdim. Həmin qətnamədə də ölkədə siyasi motivlərlə həbslərin, təqiblərin, repressiyaların olması qeyd edilir. Yəni, Azərbaycanın bu gün üzv olduğu beynəlxalq qurumların sənədlərində, qətnamələrində ölkədə insan hüquq və azadlıqları ilə bağlı vəziyyətin acınacaqlı olması qeyd olunur. Bundan başqa Freedom House, Amnesty İnternational kimi təşkilatlar da vaxtaşırı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin dəhşətli dərəcədə dözülməz olduğunu vurğulayır. Biz İlham Əliyevin fikirləri ilə beynəlxalq təşkilatların, yerli qurumların fikirləri arasında çox böyük ziddiyyətin olduğunu görürük. Düşünürəm ki, İlham Əliyev sadəcə olaraq beynəlxalq auditoriyada Azərbaycanla bağlı daha fərqli rəyin olmasından xəbərdardır. Yəni, İlham Əliyev, onun hökuməti də əmindir ki, ölkədə insan hüquqları ilə bağlı vəziyyət onların dedikləri kimi deyil. Buna özləri də əmindir.”

Azərbaycanın bu gün üzv olduğu beynəlxalq qurumların sənədlərində, qətnamələrində ölkədə insan hüquq və azadlıqları ilə bağlı vəziyyətin acınacaqlı olması qeyd olunur.
Anar Məmmədli, ekspert

Ekspert siyasi dialoq məsələsindən danışarkən deyib ki, ölkədə sadəcə dialoqun görüntüsünü yaratmağa çalışırlar.

“İlham Əliyevin vurğuladığı dialoq heç də ölkədə vətəndaşların hüquq və azadlıqları ilə bağlı çoxtərəfli görüşlərə, yanaşmalara aid deyil.”

Məmmədli hesab edir ki, ölkədə siyasi mühit dəyşilməlidir.

“Azərbaycan iqtidarı daha çox yerli qurumlara, yerli müstəqil səslərə istinad etməlidir. Beynəlxalq təşkilatların tövsiyyələrinə baxmalıdır.”

Ekspertin qənatincə, hazırda Azərbaycan hakimiyyətinin siyasətində heç bir dəyişiklik yoxdur.

“Bu cür siyasət illərdir davam edir. Yenə də əvvəlki illərdə olduğu kimi problemləri görməzdən gəlirlər. Ölkə barədə daha çox müsbət imic yaratmağa çalşırlar. Əslində isə heç bir siyasi islahatlar getmir, köklü islahat baş vermir. Dedikləri dialoq isə sadəcə bir qrup arasında keçirilmiş görüşdür və heç bir təməl dəyərlərə və heç bir köklü dəyişikliklərə söykənməyib,” o, Amerikanın Səsinə deyib.

Rüfət Səfərov
Rüfət Səfərov

Rüfət Səfərov: İlham Əliyevin fikirləri ölkənin gerçək durumunu əks etdirmir

Müdafiə Xətti təşkilatının icraçı direktoru, keçmiş siyasi məhbus kimi tanınan Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, dövlət başçısı İlham Əliyevin demokratiya, insan haqlarının durumu, hüquqlar və azadlıqlar barədə səsləndirdiyi fikirlər ölkənin gerçək durumunu əks etdirmir.

“Son illər ərzində alternativ fikri tirajladığına görə xeyli media mənsubunun, müxalif fikir daşıyıcısının qurama ittihamlar əsasında cinayət məsuliyyətini bildiyimiz halda dövlət başçısının ifadə və media azadlığının təmin edilməsinə dair optimist fikirlərinə necə haqq qazandıra bilərik? Təəssüf ki, mümkün deyil. Eləcə də xalq idarəçiliyinin baslica şərti olan sərbəst toplaşmaq azadlığı nəinki pandemiya və onun doğurduğu xüsusi karantin rejimində, hələ xeyli əvvəldən faktiki olaraq yasaq edilib.”

Son illər ərzində alternativ fikri tirajladığına görə xeyli media mənsubunun, müxalif fikir daşıyıcısının qurama ittihamlar əsasında cinayət məsuliyyətini bildiyimiz halda dövlət başçısının ifadə və media azadlığının təmin edilməsinə dair optimist fikirlərinə necə haqq qazandıra bilərik? Təəssüf ki, mümkün deyil.
Rüfət Səfərov, hüuq müdafiəçisi

Hüquq müdafiəçisi sual edir ki, `prezidentin sərbəst toplaşmaq azadlığı ilə bağlı səsləndirdiyi nikbin fikirlərə necə haqq qazandırmaq olar?`

“Təəssüf ki, mümkün deyil. Heç kimə sirr deyil ki, dini-siyasi görüş dairələrinə görə uydurma ittiham əsasında uzun illərə məhkum edilən vicdan məhbusları var. Onlarla dindarın əsassız ittihamlar əsasında məhbəsdə olduğu dövrdə Azərbaycanda vicdan azadlığının təmin olunmasından danışmaq ədalətsiz olardı. Eyni zamanda, son illər ərzində hökumətin diktəsilə fəaliyyət göstərməyən vətəndaş cəmiyyəti təmsilçilərinin, hüquq müdafiəçilərinin siyasi yüklü cinayət təqibinə məruz qalmaları sirr deyil. Ölkə daxilində hökumətin “əlində” və “cibində” olmadan vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi olmaq böyük risk tələb edir.”

O, ölkə prezidentinin siyasi dialoqla bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, `bu dialoqda hökumət özü-özü ilə, ən yaxşı halda “cib müxalifəti” ilə fikir mübadiləsi edir.`

“Başqa sözlə desək, Milli Şuranın, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, Müsavat Partiyasının, Haqq Ədalət Partiyasının iştirak etmədiyi hər hansı platformaya iqtidar-müxalifət arasında gerçəkləşən siyasi dialoq adı vermək, dürüst deyildir,” o belə düşündüyünü əlavə edib.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi: İlham Əliyevin müxalifətə ünvanladığı nifrət çıxışından xəbərdardırlar

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi hesab edir ki, İlham Əliyev sadəcə, növbəti dəfə ölkəni daha pis təqdim edib.

Bu cür çıxışlar ölkəni qeyri ciddi duruma salır.
Seymur Həzi, AXCP sədrinin müavini

“BMT-də Azərbaycanla bağlı hansı məsələnin üstünü örtmək mümkündür ki? Bu qurumun bütün əsas üzvləri mart, aprel və iyul aylarında İlham Əliyevin müxalifətə ünvanladığı nifrət çıxışından xəbərdardırlar. Bəziləri hətta bu çıxışlara müxtəlif formalarda reaksiya da veriblər. Ona görə də bu dəfə də bu cür çıxışlar ölkəni qeyri ciddi duruma salır. O ki qaldı ölkənin əsas partiyaları ilə dialoqa, qoy buna bitərəf ictimaiyyət və həmin tərəflər cavab versinlər. Bizim üçün burada diqqətəlayiq heç nə yoxdur,” AXCP sədrinin müavini Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG