Accessibility links

Prezident baş vermiş yanğınla bağlı müşavirə keçirib


Martın 28-də prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı müşavirə keçirib.

Əliyev qeyd edib ki, yanğın nəticəsində çox sayda sahibkara ciddi ziyan dəyib, onlar əmlaklarını itirib.

Dövlət başçısı iqtisadi inkişaf nazirinə bütün zərərçəkmişlərlə görüşməyi və onların problemlərini dinləməyi tapşırıb. Maliyyə Nazirliyinə operativ şəkildə vəsait ayırmaq və zərərçəkmişlərə vermək tapşırılıb.

Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov çıxış edib.

Sonda İlham Əliyev paytaxtın bütün ticarət mərkəzlərində ciddi yoxlama aparmaq və yanğın təhlükəsizliyi tədbirlərini gücləndirmək tapşırığı verib.

Prezident həmçinin “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiya yaradılması barədə sərəncam imzalayıb.

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonundakı “Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. On altı saatadək davam edən yanğın nəticəsində 5 mərtəbəli ticarət mərkəzi bütövlükdə yanıb.

Kəmaləddin Hüeydərov: “Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb”

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Diqlas" Ticarət Mərkəzində yanğın yerində
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Diqlas" Ticarət Mərkəzində yanğın yerində

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində yerüstü ticarət mərkəzinin mərtəbələrinin sayı 4 (+ mansard) və 3 mərtəbədən ibarət zirzəmisi, hər mərtəbəsinin sahəsi, təqribən, 2500 kvadrat metr (mansard 1200 kvadrat metr) olan ticarət mərkəzinin zirzəmisinin mənfi 1-ci mərtəbəsindən binanın mansardına kimi içərisində təsərrüfat, geyim və s. malları olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kvadrat metr sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kvadrat metr sahədə (ümumilikdə 16500 kvadrat metr sahədə) yanıb.

“Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 kvadrat metr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “LOTOS” ticarət mərkəzi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq “Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib.
Kəmaləddin Heydərov, nazir

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentin yanında keçirilən müşavirədə deyib ki, yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadır: “Yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Yanğının söndürülməsinə 35 yanınsöndürən maşın və 3 helikopter cəlb olunub. Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq “Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub," o qeyd edib.

Qubad İbadoğlu:mlakın sığortalanmamasından ən çox ziyanı xırda və fərdi sahibkarlar çəkir​"

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbadoğlu fFacebook səhifəsində yazır ki, "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın ən azı aşağıdakı 5 həqiqətləri aşkara çıxarıb.

“1. Məlum oldu ki, vergi qanunvericiliyinə yeni dəyişikliklər yanvarın 1-dən tətbiqə başlasa da, hələ də mühasibat uçotu və hesabatları köhnə qayda ilə aparılır. İcarədarla icarəçi arasında müqavilələr formal xarakter daşıyır. İcarədarların ödədikləri vəsait rəsmiləşdirilmir.

Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur. Onlar üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

2. Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur. Onlar üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur. Onları yalnız qazancları və onu necə artırmaq yolları düşündürür.

3. Bu hadisə göstərdi ki, aidyyatı orqanlar hətta bu miqyasda yanğının söndürülməsində acizdirlər. Xüsusilə də mülki geyimli şəxslərin (işçi və ya kənar şəxs olmasına baxmayaraq) yanğınsöndürmə işinə cəlbi bu sahədə idarəçilik probleminin mövcudluğunu üzə çıxardı.

4. Yanğınsöndürmə işinin təşkili göstərdi ki, bunun üçün əvvəlcədən yaradılmış infrastrukturun mövcud olmaması bu şəraitdə göstərilən səyləri səmərsiz edir.

5. Bəlli oldu ki, yanğından mühafizə qaydalarına və təlimatlarına əməl olunmamasından, əmlakın sığortalanmamasından ən çox ziyanı xırda və fərdi sahibkarlar çəkir. Onların hüquq və mənafelərini qoruyan sahibkarlıq birliklərinin, eləcə də məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməməsi bu problemin həllinin nə ictimai və nə də hüquqi müstəvidə mümkün olmayacağını deməyə əsas verir. Odur ki, xırda və fərdi sahibkarlara dəymiş zərərin kompensasiya olunacağı ehtimalı çox azdır,” iqtisad elmləri doktoru qeyd edib.

Osman Gündüz:"Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır"

Osman Gündüz
Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ümid edir ki, yanğınla bağlı təhlükəsizliyə cavadeh qurumlar, binanın sahibkarının məsuliyyəti, sahibkarlardan toplanan vəsaitlər və qarşılığnda təklif olunan xidmətlər müəyyən olunacaq və zərərin ödənilməsində hökümət onlara da təsir edəcək.

“Əlbəttə, çətin situasiyadır. İndiki anda, hələlik aydın deyil ki, kompensasiya necə, haradan ödəniləcək. Büdcədən olacaq, yoxsa başqa mənbələrdən? Belə bir zamanda prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, Prezident , iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi. Doğru yanaşmadır. Eyni zamanda düşünürəm ki, bunu bir ənəyə çevirmək də təhlükəli olardı. Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr. Sığorta sistemi işə salınmalıdır. Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır,” o, Facebook səhifəsində qeyd edib.

Eyni zamanda düşünürəm ki, bunu bir ənəyə çevirmək də təhlükəli olardı. Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr.
Osman Gündüz, İnternet Forumunun prezidenti

Gündüz hesab edir ki, icra intizamının möhkəmləndirilməsinə ciddi ehtiyac var.

“Baxırsan ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalıdır. Nə üçün? Vəsait ayrılmayıb, yoxsa məsuliyyətsizlik, yaxud rüşvət, korrupsiya var? Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir. Dövlət qurumlarına qarşı tələblər sərtləşdiriməlidir, qərar və tapşırıqların icrasına məsuliyyəsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir. Bəzən prezident yanında keçirilən müşavirələrdə məlum olur ki, hansısa nazir və ya rəhbər şəxs verilən tapşırıqları icra etməyib. Amma sonradan müşahidə olunur ki, cəza ya olmur, ya sadəcə danlanır, ya yumşaq olur, ya da vəzifədən çıxmaqla canını qurtarır. Düşünürəm ki, dövlət nəzarəti gücləndirilməlidir" , İnternet Forumunun prezidenti qeyd edir.

Cinayət işi qaldırılıb

Paytaxtın Nizami rayonu ərazisində “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"Diqlas" Ticarət Mərkəzində yanğın
"Diqlas" Ticarət Mərkəzində yanğın

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG