Accessibility links

Prezident Obama Suriya məsələsi ilə bağlı sərt tənqidlərlə üzləşir [Təhlil]


Ağ Ev prezident Obamanı Suriyada qətllər də daxil olmaqla kütləvi vəhşiliklərin qarşısını almaq vədini yerinə yetirməməkdə ittiham edən nüfuzlu Respublikaçı senatorun tənqidlərinə qarşı Barak Obamanı güclü şəkildə müdafiə edib.

2008-ci ildə prezidentlik uğrunda mübarizədə Barak Obamanın rəqibi olmuş senator Con Makkeyn davamlı şəkildə cənab Obamanın xarici siyasətinin tənqidçisi olub. Bu tənqidlər arasında ABŞ-ın Suriyadakı müharibə cavabı xüsusi yer alır.

Cənab Makkeyn çərşənbə günü Senatda emosional çıxışı zamanı yenidən tənqidlərini səsləndirib.

O, 2011-ci ildə kütləvi vəhşiliklərə qarşı president araşdırma direktivini xatırladıb. Orada prezident Obama kütləvi vəhşiliklərin qarşısının alınmasını ölkənin başlıca milli təhlükəsizlik marağı və mühüm mənəvi məsuliyyəti kimi müəyyən edib.

Cənab Makkeyn həmçinin prezidentin keçən il BMT Baş Assambleyadakı çıxışından sitat gətirib. Çıxış Əsəd hökumətinin Suriyada kimyəvi silahlardan istifadəyə görə qlobal təzyiqlə üzləşdiyi zaman edilmişdi. “Qəddar tiranların öz xalqına qarşı qırğınını qəbul etməyəcəyini deyən prezident Obama haradadır?”- deyə senator soruşub.

Prezident Obama həmin çıxışında bir çox məsələlərdən danışaraq bildirmişdi ki, ABŞ bütün münaqişələri həll edə bilməz, ancaq Birləşmiş Ştatların repressiya və zorakılıqlarla üzləşən xalqları dəstəkləmək kimi mənəvi öhdəliyi var.

Keçən il Barak Obama Suriyada kimyəvi silahlardan istifadəyə görə Əsəd rejimini ABŞ hərbi qüvvələrinin müdaxiləsi ilə təhdid etsə də, sonda danışıqlar yolunu seçdi və hazırda belə silahların zərərsizləşdirilməsi və məhv edilməsi istiqamətində iş gedir.

2012-ci il Vaşinqtondakı ABŞ Holokost Muzeyində çıxışı zamanı president Obama Birləşmiş Ştatların bütün ədalətsizliklərə cavab olaraq hərbi gücdən istifadə edə bilməyəcəyini, ancaq insanların həyatını xilas etmək üçün diplomatik, iqtisadi və başqa vasitələrdən yararlanacağını bildirmişdi.

“Acı həqiqətdir ki, dünya tez-tez günahsız insanların kütləvi qırğınının qarşısını almağa müvəffəq ola bilmir. Son qoya bilmədiyimiz zorakılıqlarl bizi təqib edir”,- deyə president bildirib.
Ağ Evin mətbuat katibi Cey Karni cənab Makkeynin tənqidləri barədə Amerikanın Səsinin sualına cavab verib: “Dəqiq bilmirəm o, nə istəyir, o, Suriyaya hərbi müdaxilə istəyir? Bilmirəm. Bombarduman kampaniyasının aparılmasını istəyir? Prezident bu məsələlər barədə ətraflı danışıb. Dünən də dediyi kimi heç bir variant masa üzərindən götürülməyib. Prezident əmindir ki, bu günədək Suriya ilə bağlı atdığımız addımların heç biri yabnlış olmayıb.”
Xatırladaq ki, prezident Obama martın 3-də Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahu ilə Suriya məsələsini müzakirə etməyi planlaşdırır.
XS
SM
MD
LG