ABŞ prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp Nyu Yorkda xəstəxanaya yerləşdirildikdən sonra şənbə günü axşam 71 yaşında dünyasını dəyişib. Bu haqda prezident Tramp qardaşının vəfatı ilə əlaqədar xüsusi açıqlamada bildirib.
Bundan bir gün öncə prezident qardaşını Nyu York xəstəxanasında cümə günü ziyarət etmişdi və Ağ Ev Robert Trampın ağır xəstə olduğunu açıqlamışdı.
Robert Trampın iyun ayında bir neçə gün xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilmişdi.
Onun ölümünün səbəbləri ilə bağlı hələlik məlumat verilməyib.
Trampın bacı və qardaşları arasında ən kiçiyi olan Robert Tramp 74 yaşlı prezidentə ən yaxın hesab edilirdi. O, iyun atında prezidentin qardaşı qızı Meri Trampın prezident haqda yazdığı kitabın nəşrinin dayandırılması üçün Tramp ailə adından uğursuz iddia qaldırmışdı.
Robert Tramp iş adamı kimi karyerasına Uoll Strit-də korporativ maliyyə sahəsində başlayıb, lakin sonradan ailə biznesinə qoşularaq, Tramp Təşkilatında yüksək vəzifəli rəhbər kimi daşınmaz əmlak holdinqlərini idarə edib.