Accessibility links

Prezident Əliyev bayram çıxışında müxalifəti hədələdi


Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrikində müxalifəti "beşinci kolon" və "satqın" adlandırıb. Müxalifətdə olan Müsavat və Xalq Cəbhəsi Partiyaları prezidentin çıxışına tənqidlə cavab verib.

İlham Əliyev: Biz açıq təxribat görürük

Prezident İlham Əliyev təbrikində deyib ki, koronavirusla bağlı elan edilmiş xüsusi vəziyyətə hamı riayət etmir.

Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir.
İlham Əliyev, Azərbaycan prezidenti

"Məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın," Əliyev qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Beşinci kolonu iqtidarda axtarmaq lazımdır

Müsavat Partiyasının başqanı Arif Hacılı prezidentin tənqidinə cavabında deyib ki, beşinci kolonu müxalifətin içində yox, iqtidarın içində axtarmaq lazımdır.

Təəssüf ki, İlham Əliyev öz çıxışında yenə barmaq silkələdi və yenə daxili düşmənlərdən danışdı.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

"Bütün dünya liderləri koronavirusla bağlı çıxışlarında cəmiyyətin təşkilatlandırılması üçün pozitiv mesajlar verməyə çalışırlar. Təəssüf ki, İlham Əliyev öz çıxışında yenə barmaq silkələdi və yenə daxili düşmənlərdən danışdı. Azərbaycanda beşinci kolonunun fəaliyyəti var. Beşinci kolona aid olan çox şəxslər hakimiyyətin yüksək eşelonlarında təmsil olunurlar. Xüsusilə, Azərbaycanda Rusiyanın maraqlarını təmsil edən bir çox şəxslərdən söhbət gedir. Onların bəziləri yüksək vəzifələrdən kənarlaşdırılsalar da, yenə də İranın və Rusiyanın mənafeyini ifadə edən, Azərbaycan mənafeyinə uyğun olmayan fəaliyyətlə məşğul olan adamlar var. Onların kimliyini İlham Əliyev çox yaxşı bilir. Müxalifətə gəldikdə isə koronavirus hadisəsi ilə əlaqədar ciddi, gerçək müxalifətin mövqeyi kifayət qədər müsbətdir. Biz Azərbaycan cəmiyyətinə nə etmək lazım olduğunu izah etməyə çalışırıq, cəmiyyətin təlimatlandırılmasına, toparlanmasına çalışırıq, tövsiyələrimizi veririk. Biz hakimiyyətə də öz tövsiyələrimizi veririk. Bu halda demokratik müxalifətə irad tutmağa heç bir əsas yoxdur.”

Müsavat başqanı hesab edir ki, indiki məqamda iradlar dövlət strukturlarına bildirilməlidir.

"Bu strukturların indiki vəziyyətdə fəaliyyətsizliyi narahatlıq doğurmalıdır. Ölkədə səhiyyə nazirinin mövcüd olub-olmaması cəmiyyətə məlum deyil. İndiki şəraitdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti genişləndirilməlidir. Ancaq Kəmaləddin Heydərova etimad olmadığı üçün bu nazirlik faktiki olaraq iflic vəziyyətindədir. Ona görə də problemləri müxalifətdə yox, hakimiyyətin daxilində və onun fəaliyyətində axtarmaq lazımdır," o qeyd edib.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi: Bu çıxış xəstəliyə qarşı yox, müxalifətə qarşıdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bldirib ki, təmsil etdiyi partiyanın koronavirusla bağlı mövqeyi aydındır.

Ola bilsin hakimiyyət fürsətdən istifadə edib hansısa müxalifətçiləri təcrid edəcək.
Seymur Həzi, AXCP sədrinin müavini

"Mövqeyimizə baxsaq görərsiniz ki, biz xalqı iğtişaşa uymamağa, panikaya getməməyə çağırırıq. Partiya sədri qiymətli təkliflər verir. Ola bilsin hakimiyyət fürsətdən istifadə edib hansısa müxalifətçiləri təcrid edəcək. Mən bu çıxışı xəstəliyə qarşı yox, müxalifətə qarşı ünvanlı yanaşma kimi görürəm. Hazırda vicdanı olan bütün insanlar səylərini ölkənin bu vəziyyətdən yaxşı çıxması üçün yönəltməlidir. Bu şəraitdə istənilən qarşıdurma ölkəyə xeyir verməz," Həzi qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG