Accessibility links

Həmsədr prezidentlər: "Balanslı çərçivə sazişinin gecikdirilməsi qəbuledilməzdir"


ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağa dair yeni bəyanat açıqlayıb


Ağ Evin Mətbuat Ofisindən Amerikanın Səsinə daxil olan məlumata görə, ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransis Oland Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat açıqlayıb.

Bəyanatda deyilir:

“Biz, ATƏT-ın Minsk Qrupunun həmsədr ölkələrinin – Fransa, Rusiya Federasiyası və Amerikan Birləşmiş Ştatlarının prezidentləri Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq haqda öhdəliyimizə sadiq qalırıq. Biz dərin təəssüf hissi keçiririk ki, ortaq maraqlara əsaslanan həll yolu tapmaqdansa, tərəflər danışıqlar prosesində təktərəfli fayda əldə etməyə çalışır. Biz inanırıq ki, son 4 ildə bizim ölkələrin qeyd etdiyi elementlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllində baza olmalıdır ”.

Bəyanatda deyilir ki, bu elementlər bütünlüklə nəzərdən keçirilməlidir. Belə ki, bəzi elementlərin seçilməsi balanslı həllə nail olmağı qeyri-mümkün edə bilər.

“Biz təkrarən bildiririk ki, yalnız razılaşdırılmış həll sülhə, sabitliyə və barışığa apararaq regional inkişaf və əməkdaşlıq üçün imkanlar yarada bilər. Artıq hazırki qarşıdurma vəziyyətinə və qeyri-sabitliyə səbəb olan hərbi gücdən istifadə münaqişəni həll etməyəcək. Düşmənçiliyin bərpası regionun əhalisi üçün faciəvi olacaq və insan itkiləri, daha çox dağıntılar, yeni məcburi köçkünlər, böyük maliyyə zərərləri ilə nəticələnəcək.
Biz təkidlə bütün tərəflərin liderlərini Helsinki prinsiplərinə, xüsusilə gücdən və güc təhdidindən istifadə etməmə, ərazi bütövlüyü və bərabər hüquqlar və insanların öz müqəddatını təyin etmə prinsiplərinə sadiq qalmağa çağırırıq. Biz habelə onları münaqişəni yenidən qızışdıracaq və regionda gərginliyi artıracaq hər hansı ritorika və ya hərəkətdən uzaq olmağa səsləyirik. Liderlər əhalini müharibəyə deyil, sülhə hazırlamalıdırlar.

Bizim ölkələr tərəflərə yardım üçün hazır vəziyyətdə dayansa da, Dağlıq Qarabağ münaqişəsinə son qoymağın məsuliyyəti onların üzərinə düşür. Biz inanırıq ki, əhatəli sülhə dair balanslı çərçivə sazişinin əldə edilməsində daha artıq gecikmə qəbuledilməzdir və Azərbaycan və Ermənistan liderlərini yeni enerji ilə həll edilməmiş məsələlər üzərində işləməyə çağırırıq” – deyə bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG