Accessibility links

Priqojin Sankt-Peterburqda dəfn edildi


Biznesmen və muzdlulardan ibarət Vaqner qruplaşmasının təsisçisi Yevgeni Priqojin Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında dəfn edilib.

Priqojinin mətbuat xidmətinin Teleqram kanalında "Yevgeni Viktoroviçlə vidalaşma qapalı formatda baş tutub. Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığına baş çəkə bilər" deyilib.

Poroxovskoye qəbiristanlığının rəhbərliyi də Priqojinin bu gün orada dəfn edildiyini təsdiqləyib.

Priqojinin dəfn mərasimi gizli keçirilib. Çox guman ki, diqqəti yayındırmaq üçün Serafimovski qəbiristanlığında dəfn mərasiminə hazırlıqlar təşkil edilib. Qəbiristanlığa bitişik küçələr polis tərəfindən nəzarətə götürülüb və ziyarətçilər üçün giriş bağlanıb, məzarlığın yaxınlığındakı asfalt yuyulub. Bəzi kütləvi informasiya vasitələri Priqojinin orada dəfn oluna biləcəyini bildirib.

Avqustun 28-də Serafimovski qəbiristanlığının mərkəzi darvazasının qarşısında metal detektor çərçivələri quraşdırılıb. "Fontanka" portalının xəbər verdiyinə görə, bu qəbiristanlıqdan əlavə, dəfn üçün daha üç qəbristanlıq - Boqoslovskoye, Severnoye və Smolenskoye hazırlanır. "Lakin bu qəbiristanlıqlarda Serafimovskidəki qədər hazırlıq getməyib" - deyə, bildirilib.

Jurnalistlərin məlumatına görə, Severnoye qəbiristanlığında bir neçə vaqnerçi də dəfn olunacaq. Orada, avqustun 29-da Valeri Çekalov artıq dəfn edilib. Çekalov Priqojinə yaxın adam idi. O, "Konkord" holdinqinin yüksək menecmentinin üzvü və "Vaqner"də nəqliyyat logistikası və sursat təchizatına cavabdeh idi. 2023-cü ilin yayında Çekalov ABŞ-ın sanksiya siyahısına əlavə edilmiş, bundan əlavə, onun Ukraynaya girişi qadağan edilmişdi.

Forum

XS
SM
MD
LG