Rövşən Ağayev: "2019-cu ildə də problemli kreditlərin həlli vacibdir"
“Problemli kreditlər məsələsi yenidən aktuallaşıb. İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var.”
Bu barədə iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində bildirib.
İqtisadçı hesab edir ki, problemin həlli üçün dörd məsələ göz önündə tutulmalıdır: “Borcların qaytarılmasına dövlət dəstək verməlidir, çünki devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb; Hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir; İri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq; İndiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır. Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı ədalətsizlik olardı,” o qeyd edir.
Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi.Rövşən Ağayev, iqtisadçı
O hesab edir ki, problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi.
“Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısınıda borcları milli valuta ifadəsində kəskin şəkildə artmışdır,” o qeyd edir.
İqtisadçının dediyinə görə, sonrakı mərhələdə bəzi banklar borcları restruktrizasiya etməklə (məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla) həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da olub.
Vüqar Bayramov: "Fərq müştəri, bank və dövlət arasında bölüşdürülsün"
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov bildirir ki, Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir.
“Təəssüf ki, problemli kreditlərin həcminin çox olması ilə yanaşı, eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır. Azərbaycanda isə bu göstərici ikirəqəmlidir. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var,” iqtisadçı bildirib.
O, problemin həlli üçün ütərəfli mexanizmi təklif eidr.
“Biz 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə birini üzərinə götürür.”
Problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması da çox vacibdir.Vüqar Bayramov, iqtisadçı
Ekspert hesab edir ki, problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması da çox vacibdir.
“Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub, onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin. Eyni zamanda, biz kreditorların hüququ deyəndə yalnız güzəştin tətbiq edilməsini nəzərdə tutmuruq. Burada həm də birbaşa kredit götürən vətəndaşların hüquqlarını müdafiə edən qanunvericiliyin təkmilləşdirilməsindən söhbət gedir. Nəzərə alsaq ki, qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxlərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik. Yəni, təsəvvür edin ki, bank müflis olur, götürdüyü depoziti geri qaytara bilmir,” ekspert qeyd edir.
Son günlər problemli kreditlərin həlli məsələsi siyasi kontekstdə də aktuallaşıb. Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqin əsas tələblərindən biri də problemli kreditlərin dövlət tərəfindən ödənilməsidir.
Cəmil Həsənli: "Milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlər dövlət tərəfindən ödənilməlidir"
“Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir,” Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində qeyd edib.
Əli Həsənov: " Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı..."
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Facebook səhifəsində dərc etdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” başlıqlı məqaləsində müxalifətin tələbini “şou” adlandırır.
Əli Kərimli hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi?
Əli Həsənov, Azərbaycan prezidentinin köməkçisi
“Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə gətirənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı, biz, deyəsən, demokratiyadan danışırıq,” o qeyd edir.
Əli Kərimli: "Yazıq Vətən, səni necə insafsızca soydular!"
AXCP sədri Əli Kərimli hökumətdən problemli kreditləri silməyi tələb edir və vətəndaşlara çatacaq pulları korrupsiyanın yediyini diqqətə çatdırır.
Əli Həsənov, siz narahat olmayın, dövlətimiz çox güclüdür. Bu neçə illərdə sizləri ki kürəyində daşıyır, deməli çox güclü və varlıdır.
Əli Kərimli, AXCP sədri
“İlham Əliyevin adı daha bir korrupsiya qalmaqalında. Məlum olub ki, onun oğlu Heydər Əliyev hələ 2007-ci ildən (9 yaşı olandan) Moskvada baş nazir Medvedyevin rezidensiyasının yaxınlığında 35 milyon dollarlıq villaya sahiblənib. Bu “zirək” uşaq 11 yaşı olanda da Dubaydan 44 milyon dəyərində villalar almışdı. Əli Həsənov da deyir, dövlətin gücü çatmaz problemli kreditləri silməyə. Dövlətimiz kasıb olsaydı, sizlər belə varlı ola bilməzdiniz. Hələ bir sıradan deputatın mülkiyyət siyahısı çıxmışdı qarşıma, oxuyub başa çatdırmadım, xeyli vaxtımı alacaqdı. Yazıq Vətən, səni necə insafsızca soydular!”, o, Facebook səhifəsində qeyd edir.