Accessibility links

Prokurorluq AXCP sədrinə qarşı cinayət işinin olmadığını bildirir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli onu vergidən yayınma ittihamı ilə həbs etmək istədiklərini bildirib. Baş Prokurorluğun mətbuat xidməti isə Amerikanın Səsinə Kərimlinin dediklərini təsdiq etməyib.

Əli Kərimli Facebook səhifəsində yazıb ki, onu külli miqdarda vergidən yayınma ilə ittiham etmək istəyirlər.

“Nə qədər məntiqsiz və gülünc görünsə də, bu dəfə məni "külli miqdarda vergidən yayınma" ilə ittiham etmək istəyirlər. Guya mənim banklarım, holdinqlərim, zavodlarım var, ofşorlara milyardları mən daşımışam, vergisini də verməmişəm. İddialar bu qədər absurddur. Mətbuata sızmış məlumatdan məlum olur ki, bəhanə kimi dostum Saleh Rüstəmlinin bir neçə dəfə mənə göndərdiyi 500-600 dollarlıq vəsaitdən söhbət gedir. Saleh bəyin məhkəməsi 2 il bundan əvvəl açıq keçirilib. Mətbuat, diplomatlar, oxucular həmin prosesi izləyib. Prosesin bütün iştirakçıları bildiriblər ki, həmin yardımlar məhbus ailələrinə çatdırılıb. Mən həmin yardımların hesabını aparmamışam, ancaq Saleh bəy məhkəmədə bildirdi ki, 1-2 il ərzində göndərdiyi yardımların miqdarı cəmi 10-11 min dollar olardı. Həmin rəqəmi saxtalaşdıraraq böyüdüblər. İstintaq rəqəmi böyütmək üçün hətta Saleh bəyin qardaşı oğlunun yeni tikilmiş binadan özü üçün mənzil almağa göndərdiyi pulu da mənə göndərilmiş pul kimi göstərmişdi,” o qeyd edir.

Bu absurd ittihamların ortaya çıxmasının gerçək səbəbi mənim əqidədaşlarımla birlikdə apardığım prinspial müxalifətçilik siyasətidir. Biz Milli Şura və AXCP olaraq Rusiya qoşunlarının "sülhməramlı" adı ilə olsa da, ölkəmizə qaytarılmasına elə ilk saatlardan etiraz etdik. Rusiya "sülhməramlılarının" səlahiyyət həddini aşmasına susmadıq.
Əli Kərimli, AXCP sədri

AXCP sədri bildirir ki, biznesi yoxdur və olmayıb.

“Heç bir vergidən yayınmaqdan söhbət gedə bilməz. Bu absurd ittihamların ortaya çıxmasının gerçək səbəbi mənim əqidədaşlarımla birlikdə apardığım prinsipial müxalifətçilik siyasətidir. Biz Milli Şura və AXCP olaraq Rusiya qoşunlarının "sülhməramlı" adı ilə olsa da, ölkəmizə qaytarılmasına elə ilk saatlardan etiraz etdik. Rusiya "sülhməramlılarının" səlahiyyət həddini aşmasına susmadıq. Xalqımızın şirin yalanlarla aldadılmasına imkan vermədik. Həqiqətləri söylədik. Şəhid ailələrinin, igid qazilərimizin, fədakar veteranlarımızın, hər bir vətəndaşımızın hüquqlarını qorumağa çalışdıq. Bizim üzərimizə saxta ittihamlarla ona görə gəlirlər ki, biz korrupsiyanı, israfçılığı, qanunsuzluğu ifşa edirik, qiymət artımına etiraz edirik.”

Kərimli deyir ki,bundan sonra da həqiqətləri deməkdə, xalqın hüquqlarını, ədalət və azadlığı müdafiə etməkdə davam edəcək.

“Fərq etməz ki, nisbi azadlıqda, yoxsa həbsdə olaq. Azadlığımız da, canımız da xalqımıza qurbandır! Əli Kərimlini həbs edəcəklərsə, xalqımız içindən yüzlərlə əlikərimlilər çıxaracaq. Mübarizə daha da kütləviləşəcək. Əminəm ki, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsini heç bir qüvvə durdura bilməyəcək. Böyük öndərimiz Rəsulzadənin dediyi kimi, həqiqət günəşi mütləq bir gün parlayacaq!” AXCP sədri yazıb.

Əli Kərimlinin bəyanatı bu qurumun Gənclər Komitəsinin sədri Emil Səlimovun, Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun Baş Prokurorluğun İstintaq İdarəsində dindirlməsi ilə bir vaxta təsadüf edir.

Öz növbəsində, Baş Prokurorluğun Mətbuat Xidməti Amerikanın Səsinə AXCP sədrinin bəyanatında deyilənləri təsdiq etməyib.

“Prokurorluq orqanlarında Əli Kəriliyə qarşı hər hansı ittiham irəli sürülməyib və onunla bağlı araşdırma aparılmır,” mətbuat xidməti bildirib.

XS
SM
MD
LG