Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunın döyülməsi ilə bağlı cinayət işinin qaldırılması barədə vəsatət rədd edilib.
Bu barədə Tofiq Yaqublu Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, yanvarın 11-də Səbail Rayon Prokurorluğundan vəkilinə məktub gəlib.
Məktubda deyilir ki, faktla bağlı cinayət işinin qaldırılması üçün əsas yoxdur.
O hesab edir ki, cinayət işinin qaldırlmasının rədd edilməsi birbaşa ölkə başçısının sifarişdir.
“Sözsüz ki, biz əsassız rəddetmə qərarı ilə bağlı məhkəməyə müraciət edəcəyik. Həm də onu deyim ki, Azərbaycan məhkəməsindən heç bir ədalət, heç bir ciddi məntiqli, dolğun məhkəmə istintaqı gözləmirik. Azərbaycanda bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik,” o qeyd edib.
Məsələlə ilə bağlı Azərbaycan Baş Prokurorluğu da Amerikanın Səsinə rəsmi açıqlama verib. Prokurorluq deyir ki, Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma yekunlaşıb.
"Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu “Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilmişdir" - deyə, məlumatda bildirilir.
Xatırlatma
Tofiq Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və döyülməsi ilə bağlı Səbail rayon Prokurorluğuna müraciət edib.
O, dekabrın 3-də Səbail rayon Prokurorluğunda 4 saat 30 dəqiqə ifadə verib.
Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı həbsxanada 29 gün aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib.
“Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da olub. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib.
Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir”.
Bu arada Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Tofiq Yaqublunun polis əməkdaşları tərəfindən döyülmədiyni bildirib.
Vəkil Nemət Kərimli bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanılmasa işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.