Accessibility links

Prokuror “Gəncə işi"ndə təqsirləndirilənlərdən birinə ömürlük, digərinə 20 il həbs istəyib


"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Gəncə hadisələriylə bağlı işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmədovun sədrliyi ilə daha bir qrupun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə Bakının Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxslərə 4 ildən ömürlük həbsə qədər ağır cəzalar kəsilməsini istəyib.

Təqsirləndirilən yeddi nəfərdən ikisi – Hüseyn Bayramov və Rauf Bayramov ata-oğuldur. Prokuror Rauf Bayramova qarşı ittihamlardan imtina edərək, onun əməlinin Cinayət Məcəlləsinin 307.3 (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif olunmasını, ona 4 il həbs cəzası kəsilməsini istəyib. Atasının isə 10 il azadlıqdan məhrum edilməsini təklif edib. Digər təqsirləndirilən şəxslərdən Oqtay Hüseynzadəyə ömürlük, Ürfan Məmmədova 20 il cəza istəyib. Eşqin Quliyev, Abbas Abbasov, Elşən Məmmədova da 10 ildən 19 ilə qədər cəzalar istənilib.

Prokurorun çıxışı vaxtı məhkəmədə gərginlik yaranıb. Təqsirləndirilən şəxslər və onların yaxınları etirazlarını bildirib.

Oqtay Hüseynzadə deyib ki, ona ömürlük cəza kəsilsə məhkəmə zalında intihar edəcək.

Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, hakim önünə çıxarılanlar 7 nəfərdir. Daha bir nəfər – Gəncədə ötən il iyulun 10-da polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə günahlandırılan Rəşad Böyükkişiyev hadisədən bir gün sonra öldürülüb.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG