Accessibility links

İctimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib


İctimai fəal Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev

Dekabrın 9-da Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Aqil Layıc jurnalistlərə bildirib.

Vəkil qeyd edib ki, Bəxtiyar Hacıyevin həbs olunması üçün heç bir prosessual əsas yoxdur.

"İstintaq tərəfi vəsatətlə təqdimatı müdafiə elədi. Biz əks arqumentlər qoyduq. Həbs seçilməsi üçün heç bir porsessual əsas yoxdur. Hesab edirəm ki, bu olmalı deyil idi. Nəzərə alsaq ki, sabah (10 dekabr) İnsan Haqları günüdür. Özü bilirdi həbs olunacağını. Öz əhvalı yaxşı idi. Hamıya salam dedi"-vəkil deyib.

Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə ictimai fəal Bəxtiyar Hacıyevin saxlanıldığı, barəsində cinayət işi başlandığı bildirilmişdi.

Məlumata görə, Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, dekabrın 9-da məhkəməyə göndərilib.

Bir müddət əvvəl vəkil Aqil Layic Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilmək üçün Bakı şəhər Xətai rayon Məhkəməsinə aparıldığını deyib. Onun sözlərinə görə, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və o, jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə Amerikanın Səsinə bildirib ki, jurnalistlər, ictimai-siyasi fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri məhkəmə binasının qarşısına buraxılmayıb. Bu məsələ ilə bağlı Xətai rayon məhkəmsindən şərh almaq mümkün olmayıb.

Ötən ilin oktyabrında məhkəmədə Bəxtiyar Hacıyev ilə jurnalist Ülviyyə Alovlu arasında insident yaşanıb.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin ona fiziki təzyiq etdiyini iddia edib. Bəxtiyar Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya çırpdığını deyib.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevi Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib. Amma Ülviyyə Alovlunun verdiyi şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanıb.

Onlar bir-birilərindən şikayətçidirlər.

Bu il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində protokol tərtib edərək araşdırılıması üçün Ədliyyə Naziliynin İstintaq İdarəsinə göndərib. Bu barədə Bəxtiyar Hacıyev Amerikanın Səsinə deyib.

Belə ki, Bəxtiyar Hacıyev sosial şəbəkələrdə Ülviyyə Alovlu adlı şəxsin onu təhqir etdiyini hesab edərək, xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edib. Bu ilin aprelində Yasamal rayon Məhkəməsi Hacıyevin iddiasını təmin etməyib. Hacıyev Yasamal rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsi verib. İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.

“Qərar elan olunanda hakimlərə dedim ki, “əgər təhqir yoxdursa, orada yazılanlar ailə üzvlərinizə aiddir”. Bunu hakimlərə hörmətsizlik kimi qəbul etdilər və barəmdə protokol tərtib edilərək araşdırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib ki, məni məsuliyyətə cəlb etsinlər,” o qeyd edib.

Bu məhkəmənin qərarı ilə bağlı Ülviyyə Alovlunun mövqeyini öyrənmək mümkün olmayıb. Amma Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsinin qərarına sosial mediada münasibət bildirib.

“Bloger Bəxtiyarın mənə qarşı əsassız ittihamı ilə başladılan məhkəmə işi mənim - hüququ beş barmağı kimi bilən möhtərəm vəkilim Fuad Kərimovun sayəsində başa çatdı. Yəni o savadlı bildiyiniz bloger mənə məhkəmədə uduzdu,” o, Facebook hesabında yazıb.

İctimai fəal Bəxtiyar Hacıyev bu il avqustun 23-də Azərbaycan vətəndaşlığından çıxmaq üçün Prezident Administrasiyasına ərizə təqdim edib. O, bu addımı ölkədə həyatına hədə-qorxunun artması ilə izah edib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. İctimai fəal son zamanlar hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG