Accessibility links

Putin hakimiyyətinin 20 ili


İyirmi il öncə – bir cümə günü Rusiya Prezidenti Boris Yeltsin 18 aydan da az bir müddət ərzində dördüncü baş nazirini təyin etdi: Vladimir Putin onda nisbətən az tanınan, siyasətdə o qədər də güclü təcrübəsi olmayan təhlükəsizlik xidmət rəhbəri idi. Yeltsin vəzifədən getməyə hazırlaşır, özünə varis axtarırdı.

“Frans Pres” agentliyi yazır ki, onda çox az adamın ağlına Putinin 20 il sonra da Rusiyanın başında duracağı gələrdi.

Ancaq 20 illik yubiley liderin hakimiyyətində qeyri-müəyyənlik dövrünə düşür. Düzdür, Putinin indiki reytinqinə bir çox Qərb liderləri həsəd aparardı, amma iqtisadiyyatın axsaması, həyat standartlarının pisləşməsi reytinqə təsirsiz ötüşməyib.

Son həftələr Moskvada etiraz aksiyalarında minlərlə adamın saxlanması isə Putin üçün daha bir başağrısıdır.

66 yaşlı Putin indi özü də varis dramıyla üzləşib. O, Rusiya konstitusiyasına uyğun olaraq sonuncu prezidentlik müddətini yaşayır və indilik, onu əvəzləyəcək elə bir fiqur görünmür.əhlilçilərin fikrincə, İosif Stalindən sonra Rusiyanı ən uzun müddətə idarə etmiş Putinin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra hakimiyyətdən tamamilə gedəcəyi real görünmür.

Agentlik Putin 2000-ci ildə ilk dəfə prezident seçkisini udanda mənzərənin çox fərqli olduğunu yazır.

“Rusiya yoxsulluq, kriminal problemlər içində çapalamasına baxmayaraq, demokratik, liberal bir ölkə idi”, Putin Kremlə təzə gələndə ondan tez-tez müsahibə almış tanınmış jurnalist Nikolai Svanidze deyib.

“Hakimiyyətdə 20 il qalandan sonra ona heç bir məhdudiyyət yoxdur, əslində, bir sultandır”, Svanidze vurğulayıb.

Siyasi təhlilçi Konstantin Kalaçevin sözlərinə görə, Putin Qərblə işləməyə hazır bir liberal kimi işə başlasa da, zaman keçdikcə mühafizəkar və ədavətli mövqe tutmağa başladı.

“2000-ci illərin sonlarınadək ölkədə siyasi həyat varıydı, seçkilər rəqabətli keçirilirdi”, Kalaçev söyləyib.

Ukraynada 2004-cü il Narıncı İnqilabdan sonra Putinin münasibəti də dəyişdi. Kreml bu inqilabı xarici hökumətlərin dəstəklədiyini, məqsədin Rusiyanın postsovet məkanında nüfuzunu sarsıtmaq olduğunu düşünürdü.

Qərbin Rusiyanı vecinə almaması, üstəlik onun İraq, Liviya və digər yerlərə müdaxiləsi Putini daha da məyus etdi, Kalaçev “AFP”yə deyib.

“Məncə, onun məyusluğu daha sərt mövqe tutmasına səbəb oldu”, təhlilçi vurğulayır.

Ancaq liberal rusiyalılar ta əvvəldən ölkə lideri sarıdan narahat idilər - təkcə KGB-yə bağlı keçmişinə görə deyil, baş nazir vəzifəsində ikən çeçen separatçılara qarşı sərt mövqeyindən dolayı.

Rusiyada yaşayış mənzillərinin partladılması ilə bağlı da suallar açıq qalır. Bu partlayışlar separatçılarla əlaqələndirilsə də, bəziləri onların Çeçenistana hərbi müdaxiləni əsaslandırmaqdan ötrü təhlükəsizlik xidmətləri tərəfindən təşkil olunduğunu iddia edir.

Putinin böhranı sərtliklə yoluna qoyması isə onun populyarlığını artırdı və o, səslərin 53 faizini yığaraq prezident postuna keçdi.

O, hələ də ictimaiyyət arasında populyarlığını saxlayır, ona SSRİ-nin alçaldıcı çöküşündən sonra Rusiyanın şərəfini bərpa edən şəxs kimi baxırlar, həmçinin 1990-cı illərin dəyişikliklərindən sonra sabitliyin təminatçısı hesab edirlər.

İndi Putin və komandası onların Kremldən kənarda nüfuzlarını saxlamağa imkan verəcək yol axtarırlar. Bunu təhlilçi və media şərhçisi Qreqoriy Bovt deyir.

2008-ci ildə isə Putin baş nazir postuna keçdi, 2012-də yenidən prezidentliyə qayıtdı. Bovt deyir ki, indi isə yeni bir qurum yaradıla bilər.

“Ölkəni idarə etmək üçün kollektiv bir qurum yaradılacaq və Putin onun başında qalacaq”, deyən Bovt Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev təcrübəsini yada salır.

Ancaq agentlik yazır ki, bu halda Putin Rusiyanı gündəlik idarə etməkdən xeyli uzaq düşəcək.

“O, ölkəyə göz qoymağa davam edəcək... onun vəzifəsi tarixi missiyasını yerinə yetirməkdir”, Bovt vurğulayıb.

XS
SM
MD
LG