Rusiya Prezidenti Vladimir Putin cümə günü Rusiya ilə Birləşmiş Ştatlar arasında ən son nüvə silahlarına nəzarət sazişinin bitməsinə bir həftə müddət qala sazişi uzatan qanun lahiyəsini imzalayıb.
Rusiya parlamentinin hər iki palatası çərşənbə günü yekdilliklə New START razılığının beş il müddətinə uzadılmasına səs verib. Putin və ABŞ Prezidenti Co Bayden bundan bir gün öncə nüvə razılığını müzakirə ediblər və Kreml bildirib ki, onlar lazım olan prosedurları növbəti beş gün ərzində başa çatdırmaq üzərində razılaşıblar.
New START-ın müddəti fevralın 5-də başa çatır. Müqavilənin müddətinin uzadılması üçün ABŞ-da Konqresin təsdiqinə ehtiyac yoxdur, amma Rusiyada qanunvericilər bunu təsdiq etməlidirlər. Rusiya diplomatları deyib ki, müqavilənin uzadılması bütün prosedurların yerinə yetirilməsindən sonra diplomatik notalar mübadiləsi ilə rəsmiləşdiriləcək.
2010-cu ildə Prezident Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanan müqavilə hər iki ölkəni 1550 nüvə başlığı, 700 raket və bombardmançı ilə məhdudlaşdırır və ölkələrin sazişə əməl edib-etmədiklərini yoxlamaq üçün genişmiqyaslı yoxlamalara icazə verir.
Bayden ABŞ prezidentliyinə seçki kampaniyası zamanı onun Obamanın hakimiyyəti altında vitse-prezident olduğu dövrdə hazırlanan New START-ın qorunub saxlanmasının tərəfdarı olduğunu söyləyirdi.
Tramp administrasiyasının tələbləri
Rusiya uzun zamandır müqavilənin həç bir şərt və ya dəyişiklik olmadan uzadılmasını təklif edirdi, lakin sabiq Prezident Donald Trampın administrasiyası danışıqları ötən il başladıb və müqaviləni uzatmaq üçün bir neçə şərt irəli sürüb. Nəticədə danışıqlar dalana dirənib və fikir ayrılıqları ortadan qaldırılmayıb.
Həm Moskva həm də Vaşinqtonun 2019-cu ildə 1987-ci ildə imzalanan Orta-Mənzilli Nüvə Qüvvələri Razılığından geri çəkilməsindən sonra New START iki ölkə arasında qalan yeganə nüvə silahlarına nəzarət razılığıdır.
ABŞ kimi Rusiya da bu ayın əvvəli Rusiya ilə Qərb arasında etimad və şəffaflığı artırmağa yardım etmək məqsədilə hərbi təsislər üzərində kəşfiyyat uçuşlarına icazə verən Açıq Səma Razılığından gəri çəkiləcəyini elan edib.
Silahlara nəzarət tərəfdarları New START-ın müddətinin uzadılmasını qlobal təhlükəsizliyin artırılması üçün alqışlanacaq addım olduğunu bildirib və Rusiya ilə ABŞ-ı bundan sonrakı razılıqlarla bağlı danışıqlara başlamağa çağırıb.
Rusiyanın Xarici İşlər Naziri və New START üzrə baş vasitəçi Sergey Rıbakov bu həftənin əvvəli bildirib ki, Rusiya silahların azaldılması ilə bağlı gələcək danışıqlara hazırdır və bu danışıqlara strateji məsafə qət etmək gücünə və dəqiqliyə malik qeyri-nüvə silahları daxil olmalıdır.
Tramp New START razılığının ABŞ-ı əlverişsiz vəziyyətə saldığını iddia edirdi və başda Çinin də razılığa qoşulmasına israr edirdi. Pekin bunu açıq şəkildə rədd etmişdi. Tramp administrasiyası daha sonra New START-ı bir il müddətinə uzatmağı və razılığa döyüş meydanında nüvə silahlarından istifadənin məhdudlaşdırılması və başqa dəyişikliklərin əlavə olunmasını təklif etdi. Nəticədə danışıqlar dayandırıldı.