Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar silahların ixtisarına dair soyuq müharibə dövründə əldə edilmiş mühüm müqavilədən çıxsa və silah istehsalına başlasa, Rusiya orta mənzilli nüvə silahlarının inkişaf etdirilməsinə başlayacaq.
Putin Rusiyanın xəbər agentliklərinə bildirib ki, ABŞ-ın müqavilədən çıxması o deməkdir ki, Vaşinqton “bu silahlara malik olmalı olduğu” və Moksvanın da “eyni işi görəcəyi” haqda nəticəyə gəlib.
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısında bildirib ki, Rusiya şərtlərə əməl etməsə, Birləşmiş Ştatlar 60 gündən sonra Orta Mənzilli Raketlərin İxtisarına dair Müqavilədən altı ay müddətində çıxarılma prosesinə başlayacaq.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Moskvanın orta və yaxın mənzilli raketlərin ixtisarına dair fundamental müqaviləni pozduğuna dair bəyanatını rədd edib.
Pompeo Rusiyanı nüvə başlıqları daşımaq qabiliyyətinə malik olan orta mənzilli qanadlı raketlərdən ibarət “SSC-8 raketlərinin bir neçə batalyonunu” yerləşdirməkdə ittiham edib. Moskva bu raket sistemlərini yerləşdirdiyini inkar edir.
“Birləşmiş Ştatların Rusiyanın pozuntularına cavab vermək qabiliyyətini məhdudlaşdıran bu müqavilədə qalmasının heç bir mənası yoxdur. Rusiya Avropada nüvə riskinin azaldılması trayektoriyasını dəyişib” – deyə, Pompeo Brüsseldə müxbirlərə bildirib.
Birləşmiş Ştatların Rusiyanın pozuntularına cavab vermək qabiliyyətini məhdudlaşdıran bu müqavilədə qalmasının heç bir mənası yoxdur. Rusiya Avropada nüvə riskinin azaldılması trayektoriyasını dəyişib.Mayk Pompeo
1987-ci ildə ABŞ-ın o zaman prezidenti olan Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmış Orta Mənzilli Raketlərin İxtisarına dair Müqavilə qısa müddət ərzində nüvə hücumu keçirmək qabiliyyətini azaldaraq, 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin ixtisarını nəzərdə tutur.
NATO müttəfiqləri Avropada yeni silah yarışının başlana biləcəyindən ehtiyat edərək, ABŞ-ın müqavilədən çıxması ilə bağlı narahatlıqlarını bildirib. Lakin bununla belə, NATO müttəfiqləri Rusiyanın müqaviləni pozduğunu rəsmən elan etməyə razı olduqlarını bildirib və Moskvanı dərhal müqavilənin şərtlərinə əməl etməyə çağırıb.
Londonda Birgə Xidmətlər İnstitutunun beynəlxalq məsələlər üzrə direktoru Conatan Eval Pompeonun müttəfiqlərə işarəli bir mesaj verdiyini deyib.
“Birləşmiş Ştatların müqavilədən çıxmasından şikayət etmək əvəzinə avropalılar Birləşmiş Ştatların nəyə görə müqavilədən çıxdığı məsələsinə vaxt ayırmalıdır” – deyə, o bildirib.
“Avropanın heç bir dövləti Amerikanın mövqeyinə qarşı olmayıb. Kəşfiyyat məlumatları Rusiyanın müqaviləni pozduğunu göstərir. Buna görə də mənim fikrimcə, Amerikanın arqumenti belə olmalıdır ki,`gəlin bir olaq və Moskvaya ciddi mesaj verək ki, əgər müqaviləni qorumaq istəyirsə, güzəştə getməlidir və ona riayət etməlidir”, Eyal Amerikanın Səsinə bildirib.
Dövlət katibi Pompeo Brüsseldə Alman Marşal Fondunda etdiyi çıxışı zamanı Birləşmiş Ştatların müqavilədən çıxmasının prezident Donald Trampın “Amerika birincidir” siyasi kursu ilə əlaqədar olduğuna dair iddiaları rədd edib.
“Bizim qüdrətli demokratiyamızın ən gözəl ənənələrinə uyğun olaraq, biz müharibələrin qarşısını alan və daha böyük tərəqqini təmin edən yeni liberal bir quruluş yaratmaq üçün alicənab ölkələri cəlb edirik” – deyə, Pompeo bildirib.