Rusiya prezidenti Vladimir Putin ABŞ diplomatik korpusunda 755 nəfərin ixtisara salınmalı olduğunu bildirib. Putin bu addımı ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalara cavab tədbiri olaraq atıb.
ABŞ Dövlət Departamenti Putinin göstərişini “təəssüfedici və qeyri-zəruri” adlandıraraq, Rusiyaya necə cavab veriləcəyini qiymətləndirdiyini bildirib.
Putin Rusiya televiziyasında deyib ki, onun höküməti ABŞ- qarşı digər cavab tədbirləri də görə bilər.
ABŞ Konqresi keçən həftənin cümə axşamı Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib. Həmin qərardan bir gün sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama verərək, cavab tədbirləri görüləcəyini və bu sanksiyaların ABŞ xarici siyasətinin “ifrat aqressiya”sını təsdiq etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın diplomatik korpusundakı ixtisarlar avqustun sonuna qədər tamamlanmalıdır.
Ağ Evdən verilən məlumata görə, prezident Donald Tramp Konqresin təsdiq etdiyi qanun layihəsini imzalayacaq.