Accessibility links

Putin səfir Karlovun qətlinin provokasiya olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin Ankarada səfir Andrey Karlovun qətlini terror aktı adlandırıb.

“Heç bir şübhə yoxdur ki, törədilmiş cinayət Rusiya-Türkiyə münasibətlərinə və Rusiya, Türkiyə və İranın köməyi ilə həyata keçirilən Suriya sülh prosesinə mane olmaq məqsədi güdən provokasiyadır. Buna cavab olaraq biz terrorizm əleyhinə səylərimizi gücləndirəcəyik və cinayətkarlar bunu qısa zamanda hiss edəcəklər” deyə Putin bildirib.

Putin Türkiyə hökumətindən hücumun arxasında kimlərin dayandığını müəyyən etməyi və Rusiya diplomatlarının təhlükəsizliyini gücləndirməsini istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qətli provokasiya adlandırıb və deyib ki, Türkiyə və Rusiya provokasiyalara uymayacaq möhkəm iradəyə malikdir.

Rusiyanın Türkiyədəki səfiri Ankarada “Rusiya türkərin gözləri ilə” adlı foto sərgidə silahlı hücum nəticəsində həlak olub.

Sosial mediada dolaşan videoda hücumçunun Rusiya səfirinə atəş açdıqdan sonra əlində tapança ilə "Allahu əkbər! Hələbi yaddan çıxarmayın. Suriyanı yaddan çıxarmayın!" dediyi göstərilir.

Türkcə danışan şəxs insanları geri durmağa çağırıb: "Yalnız ölüm məni buradan çıxara bilər. Bu zülmdə iştirak edən hər kəs bədəl ödəyəcək."

Polis zabitləri hücumçunu öldürməzdən əvvəl o daha üç nəfəri yaralayıb.

Ankara meri Melih Gögçek hücumçunun 22 yaşlı polis zabiti Mevlut Mert Altıntaş olduğunu bildirib.

XS
SM
MD
LG