Accessibility links

Putin Konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb


Rusiya Prezidenti Vladimir Putin 2036-cı ilə qədər hakimiyyətə qalmağa yol açan konstitusiya dəyişiklikləri ilə əlaqədar fərman imzalayıb. İyulun 3-də imzalanan fərmana əsasən dəyişikliklər iyulun 4-dən qüvvəyə minəcək.

Putin fərmanı Mərkəzi Seçki Komissiyasının 25 iyun - 1 İyul tarixləri arasında keçirilən ümumxalq səsverməsinin son nəticələrini elan etməsindən bir neçə saat sonra imzalayıb.

Kreml Konstitusiyaya təklif edilən 200-dən çox dəyişiklik paketinin, eləcə də "Prezident Vladimir Putinə etimad üçün keçirilən təntənəli referendum"-un 78 faiz səslə təsdiqləndiyini alqışlayıb.

Lakin bəzi seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə alan və səsverməni izləmək istəyən fəallar, eləcə də jurnalistlər hədə-qorxu ilə rastlaşdıqdan sonra Qərbi təcili araşdırma apamağa çağırıb.

Kreml düzəlişlərin ölkənin sabitliyi və təhlükəsizliyi üçün zəruri olduğunu söylədiyi bir vaxt 67 yaşlı Putinin tənqidçiləri düzəlişlərin onun hakimiyyətininin ömürboyu təmin edilməsi üçün təklif edildiyini söyləyir.

Paketdəki 200-dən çox düzəliş arasındakı ən mübahisəlisi Putinin hazırkı altıillik hakimiyyət müddətinin 2024 və 2030-cu ildə yenidən seçilməsi məqsədi ilə sıfırlanmasıdır.

Düzəlişlər Putinə yenidən seçilmək imkanı verməklə yanaşı, hökumətin formalaşmasında parlamentin səlahiyyətlərini genişləndirir və müxtəlif hökumət strukturları arasında bəzi səlahiyyətləri bölüşdürür.

Dəyişikliklər eləcə də Rusiya hüququnun beynəlxalq hüquqdan üstünlüyünü açıq şəkildə ifadə edir, eyni cinsli evlilikləri qadağan edir, "Allaha inam"ı əsas milli dəyər kimi təsvir edir. Həmçinin rus dilini "dövlət yaradan etnosun dili" olaraq təyin edir və "Rusiya Federasiyasının hissələrini özgələşdirməyi mümkünsüz edir".

Səsvermə Rusiyada koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar artan narazılıqlar fonunda həyata keçirilib. Keçirilən sorğuların nəticələri göstərib ki, Putinin populyarlığı da azalır. Belə ki, müstəqil Levada sorğu agentliyi yaz müddətində Putinin reytiniqinin aşağı düşdüyünü və bunun 59 faiz olduğunu göstərib.

Sovet dövründə uzun müddət KQB əməkdaşı olan Putin 1999-cu ildən bəri Rusiyanın prezidenti və baş naziri vəzifələrini icra edib.

XS
SM
MD
LG