Rusiya prezidenti Vladimir Putin ilhaq olunmuş Krım yarımadası ilə Rusiyanı birləşdirən yeni tikilmiş körpünün üzərindən Kamaz yük maşınının sükanı arxasında keçib.
Ukrayna körpünün inşasını beynəlxalq hüququn pozulması adlandırıb.
Rusiyanın tele-kanalları Putinin Kamaz yük maşınının sükanı arxasında 19 kilometr uzunluğundakı körpünün üzərindən keçdiyini canlı yayımda nümayiş etdirib.
“Sizi bu gözəl, sözün əsl mənasında bayram dolu tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edirəm”, körpü üzərindən keçdikdən sonra Putin bildirib.
“Bu, Krımın və Sevastopolun iqtisadiyyatının yeni templər və yeni keyfiyyətlə inkişaf etdirilməsinə imkan verəcək”, Rusiya prezidenti əlavə edib.
Körpü vasitəsilə Rusiyanın cənubundan yarımadaya keçmək imkanı asanlaşdırılır.
Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanıb və Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsilə ilə nəticələnib.