Accessibility links

Putin Rusiya ilə Şimali Koreya arasında əlaqələri genişləndirəcəyini deyir


Pxenyanın dövlət mediasının bazar ertəsi bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Conq Una deyib ki, iki ölkə “ortaq səylərlə hərtərəfli və konstruktiv əlaqələri birlikdə genişləndirəcək”.

Şimali Koreyanın KCNA xəbər agentliyi bildirib ki, Koreyanın "Qurtuluş Günü" münasibətilə Kimə ünvanladığı məktubda Putin deyib ki, daha sıx əlaqələr hər iki ölkənin maraqlarına uyğun olacaq, Koreya yarımadasının və Şimal-Şərqi Asiya regionunun təhlükəsizliyini və sabitliyini gücləndirməyə yardım edəcək.

Kim həmçinin Putinə göndərdiyi məktubunda Rusiya-Şimali Koreya dostluğunun İkinci Dünya Müharibəsi zamanı Koreya yarımadasını işğal etmiş Yaponiya üzərindəki qələbə ilə möhkəmləndiyini bildirib.

“İki ölkə arasında strateji və taktiki əməkdaşlıq, dəstək və həmrəylik düşmən hərbi qüvvələrinin təhdid və təxribatlarını dəf etmək üçün birgə səylərindən bəri yeni səviyyəyə çatıb,” Kim məktubda yazıb.

KCNA düşmən qüvvələrin adlarını açıqlamasa da, adətən bu termindən ABŞ və onun müttəfiqlərinə istinad etmək üçün istifadə edir.

Kim Putinlə görüşündə 2019-cu ildə imzalanmış saziş əsasında Rusiya və Şimali Koreya arasında əməkdaşlığın inkişaf edəcəyini proqnozlaşdırmışdı.

Şimali Koreya iyul ayında Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi iki separatçı “xalq respublikasını” müstəqil dövlətlər kimi tanıyıb və işçilərinin tikinti və digər işlərdə yardım etmək üçün həmin bölgələrə göndərilməsi məsələsini qaldırıb.

Moskvanın “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyi işğalına müqavimət göstərən Ukrayna bu addıma görə Pxenyanla münasibətlərini kəsib.

XS
SM
MD
LG