Accessibility links

Putin gələcək siyasi planlarını açıqlamır


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı konstitusiya dəyişikliklərinə dair ümumxalq səsverməsinin onun hazırkı prezidentinlik səlahiyyətlərinin müddətinin uzadılması üçün istifadə edilməyəcəyini desə də, gələcək siyasi planları ilə bağlı açıqlama verməyib.

Kremlin tənqidçiləri Putinin təkliif etdiyi dəyişiklikləri onun hazırkı prezidentlik müddətinin 2024-cü ildə bitməsindən sonra hakimiyyətdə qalmaq səylərinin bir hissəsi kimi görür. Lakin təklif olunan dəyişikliklər onun bunu necə edə biləcəyi haqda aydın təsəvvür yaratmır.

Tələbələr və müəllimlərlə görüşü zamanı səsvermədən onun birbaşa vəzifədə qalma müddətini uzatmaq üçün istifadə edilə biləcəyini soruşduqda Putin onun istədiyinin bu olmadığını deyib.

"Mən bunu səlahiyyətimin uzadılması üçün təklif etməmişəm. Dövlət başçısı seçkiləri rəqabət əsasında keçirilməlidir" - deyə, Putin bildirib.

Müşahidəçilər prezidentlik müddəti başa çatdıqdan sonra Putinin konstitusiyada edilən dəyişikliklərdən Dövlət Şurasının rəhbəri və ya baş nazir kimi vəzifədə qalmaq üçün istifadə edə biləcəyini ehtimal edirlər. Lakin bu postlardan birinin mahiyyəti hələ tam müəyyən edilməyib, digəri isə açıq şəkildə prezidentə tabedir və buna görə də Putinin bunu özü üçün istəməsi imkansız görünür.

Rusiya liderinin səlahiyyət müddətinin bitməsinə dörd il qalmış konstitusiyada dəyişikliklər etmək üçün nəyə görə tələsdiyi də aydın deyil.

Rusiyanı 20 ildən çox idarə edən 67 yaşlı keçmiş KQB zabiti olan Putin Sovet lideri İosif Stalindən sonra hakimiyyətdə ən uzun müddət qalan liderdir. Putin son ana qədər planlarını gizli saxlamağa üstünlük verir.

XS
SM
MD
LG