Accessibility links

Putin Rusiya ordusuna "döyüşə hazırlığını yoxlamaq" əmrini verib


Rusiya Prezidenti Vladimir Putin terrorizmdən "ciddi bir təhdid" gördüyü Rusiyanın cənub-qərbində təhlükəsizliyi təmin etmək məqsədi ilə 150 minlik heyətin, eləcə də yüzlərlə təyyarə və dəniz gəmilərinin əhatə olunduğu "döyüşə hazırlıq yoxlanışı"nın aparılması ilə bağlı əmr verib.

Rusiya Müdafiə naziri Serqey Şoyqu iyulun 17-də artıq "yoxlama"-nın başladığını və Rusiya silahlı qüvvələrinin sentyabrda planlaşdırılan "Qafqaz-2020" hərbi manevrlə hazırlığını sınayacağını söyləyib.

"Rusiya Silahlı Qüvvələrinin baş komandanının qərarına əsasən, cənub və qərb hərbi dairələrinin qoşunları tərəfindən döyüşə hazırlıq yoxlanışı aparılır" deyə Şoyqu bildirib.

Rusiyanın cənub və qərb hərbi dairələri Ukrayna ilə sərhəddə yerləşir. Ukraynanı şərqində Rusiya tərəfindən dəstəklənən separatçılar 2014-cü ilin aprel ayından bəri Ukrayna silahlı qüvvələrinə qarşı döyüşürlər.

"Yoxlanış" Qara dəniz və Xəzər dənizi daxil olmaqla bir neçə bölgədə aparılır və Şimali və Sakit Okean Donanmalarının hava qüvvələri ilə dəniz piyada qüvvələrini də əhatə edir.

Sergey Şoyqunun bildirdiyinə görə, bu hərbi tədbirdə 400-dən çox hərbi təyyarə və 100-dən çox hərbi gəmi iştirak edəcək.

Krımı zorla ələ keçirdikdən və Ukraynanın şərqində hələ də davam edən qarşıdurmadan sonra Rusiya ölkənin qərb və cənub-qərb bölgələrində çoxlu sayda hərbi təlimlər keçirib.

Ukraynanın müdafiə naziri Andriy Taran 17 iyulda Ukrayna silahlı qüvvələrinin də sentyabr ayında hərbi təlimlər keçirəcəyini deyib.

"Rusiya qoşunları "Qafqaz-2020" strateji təlimlərinə hazırlıq bəhanəsi ilə toplandıqca, Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyi və silahlı qüvvələri eyni zamanda sentyabr ayının sonlarında "Birgə səy-2020" strateji komandanlıq təlimlərini həyata keçirəcək," deyə Taran bildirib.

Kyivin NATO ölkələrinin nümayəndələrin də təlimlərdə iştirak edəcəyini gözlədiyini söyləyən Taran əlavə edib ki, Ukrayna məlumatlarına əsasən, Rusiya "Qafqaz-2020" təlimləri zamanı heç bir silahlı hücum hazırlamır.

2014-cü ilin aprelindən bəri Moskvanın rusiyapərəst separatçılara dəstək verdiyi Ukraynanın şərqində 13200 nəfər ölüb.

XS
SM
MD
LG