Accessibility links

Putin Rusiyada koronavirusa qarşı peyvəndin hazırlandığı bildirib


Rusiya prezidenti Vladimir Putin vaksinin təhlükəsizliyini təsdiqləyən məlumatların olmamasına baxmayaraq, ölkəsinin dünyada ilk formal olaraq təsdiqlənmiş COVID-19 peyvəndini hazırladığını bildirib.

Prezident Putin bunu çərşənbə axşamı kabinet nazirləri ilə dövlət televiziyasında canlı yayımlanan görüşü zamanı açıqlayıb.

"Bilirəm ki, olduqca effektivdir, sabit immunitet yaradır" deyə, Putin Moskvanın Qamaleya İnstitutu tərəfindən hazırlanan yeni peyvənd haqqında danışarkən bildirib. O, peyvəndin təhlükəsizliyini təmin etmək üçün "bütün zəruri yoxlamalardan" keçdiyini söyləyib. Prezident erkən sınaq mərhələsində peyvənd olunan qızının ilk gün yüngül hərarətinin olduğunu, ancaq sonrakı gün normaya düşdüyünü açıqlayıb.

O zaman Sovet İttifaqı tərəfindən 1957-ci ildə istifadəyə verilmiş dünyanın ilk texnoloji peykinin şərəfinə Sputnik V adlandırılan yeni Rusiya peyvəndinin istehsalına gələn ay başlanılacaq. Kütləvi peyvənd kampaniyası isə oktyabr ayının əvvəllərində başlayacaq. Rusiya hökuməti tibb işçilərinin, müəllimlərin və risk qrupunda olanların ilk olaraq peyvənd ediləcəyini bildirib. Baş nazirin müavini Tatyana Qolikova həkimlərin peyvənd olunmasına bu ayın əvvəlindən başlanıla biləcəyini deyib.

Yeni peyvənd Cons Hopkins Universitetinin koronavirus məlumatlarına görə, hökumətlər və biomedik firmalar tərəfindən 20 milyondan çox insanın xəstələndiyi və 736 000-dən çox insanın ölümünə səbəb olan pandemiya ilə mübarizə üçün hazırlanan 100-dən çox mümkün vaksindən biridir.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, Rusiya peyvəndi minlərlə insanın iştirak etdiyi və aylarla davam edən sınaqların üçüncü və sonuncu mərhələsinə daxil olan bir neçə vaksin arasında deyil. Rusiya və xaricdəki elm adamları Faza 3 sınaqlarının tamamlanmasından əvvəl peyvəndin qeydiyyata alınmasını şübhə altına alır.

Tənqidçilər bunun xəstələr üçün zərərli ola və ya yanlış təhlükəsizlik hissi yarada biləcəyini, yaxud da peyvəndlərə inamı sarsıda biləcəyini deyir.

Bununla yanaşı, Rusiya ABŞ, İngiltərə və Kanada tərəfindən ölkələrindəki laboratoriyalardan peyvənd tədqiqatlarını oğurlamaq üçün hakerlərdən istifadə etməkdə ittiham olunmuşdu.

XS
SM
MD
LG