Accessibility links

Putin Ukraynaya "düşünülməmiş hərəkətlərə" yol verməmək haqda xəbərdarlıq edib


Rusiya prezidenti Vladimir Putin Kremldə iclas zamanı, 27 noyabr, 2018.
Rusiya prezidenti Vladimir Putin Kremldə iclas zamanı, 27 noyabr, 2018.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Qara dənizdə hərbi gəmilərin Rusiya tərəfindən ələ keçirilməsinin ardınca hərbi vəziyyət elan etməsindən sonra Kiyevə “düşünülməmiş hərəkətlər”ə yol verməməklə bağlı xəbərdarlıq edib.

Kremlin verdiyi məlumata görə, Putin Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı hadisələrlə bağlı “ciddi narahatlığını” bildirib və Almaniyadan Ukrayna rəsmilərindən “bundan sonra düşünülməmiş hərəkətlərə yol verməmələrini” istəməsini xahiş edib.

Kreml bundan əvvəl hərbi vəziyyətin Ukraynanın şərqində hərbi əməliyyatların güclənməsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Prezident Petro Poroşenko deyib ki, hərbi vəziyyət “Rusiya Federasiyası tərəfindən beynəlxalq qanuna görə aqressiya aktları fonunda Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə” kömək edəcək.

Ukrayna parlamenti bazar ertəsi günü ölkənin 27 bölgəsindən 10-da çərşənbə günündən başlayaraq hərbi vəziyyətin tətbiq edilməsinə səs verib.

Hərbi vəziyyət 30 gün müddətində tətbiq edilir.

Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirir, 26 noyabr, 2018.
Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirir, 26 noyabr, 2018.

Rusiyanın hərbi gəmiləri bazar günü Ukraynanın iki hərbi gəmisinə atəş açıb, Ukrayna Hərbi Dəniz Donanmasının daha bir gəmisini isə blok edib. Rusiya Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda ittiham edib və faktiki olaraq Ukrayna Hərbi Dəniz Donanmasının üç gəmisini ələ keçirib.

Ukrayna rəsmiləri incident nəticəsində azı altı dənizçisinin yaralandığını bildirir. Rəsmi Kiyev Ukrayna dənizçilərinin qeyri-qanuni hərəkətə yol verdiyini inkar edərək, Rusiyanı hərbi təcavüzdə günahlandırıb.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ukrayna gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsini Rusiyanın “Ukraynanın ərazi suverenliyini yolverilməz şəkildə pozması” adlandırıb və bunun “beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olan kobud hərəkət” olduğunu deyib.

XS
SM
MD
LG