Accessibility links

Putin və Ərdoğan Rusiya ilə Türkiyə arasında münasibətləri gücləndirməyə söz verib


Tərəflərin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan əlaqələri gücləndirəcəklərinə söz veriblər.

Yanvarın 2-də Kremlin bildirdiyi kimi, Putin və Ərdoğan telefon söhbəti zamanı “ikitərəfli əməkdaşlığı nəzərdən keçirib və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirməyə davam etməkdə qərarlı olduqlarını təsdiqləyiblər”.

“Tərəflər həmçinin qlobal məsələlər, o cümlədən Rusiyanın təhlükəsizliyinə qarantiya verəcək hüquqi qüvvəyə malik sazişlərin hazırlanmasına dair son təkliflər, Cənubi Qafqazda vəziyyət, Suriya və Liviya böhranlarının həlli səylərinə toxunublar” - deyə, məlumatda bildirilir.

Türkiyənin İctimaiyyətlə Əlaqələr ofisi telefon söhbəti zamanı münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların müzakirəsinin yer aldığını bildirib.

“Qafqaz, Suriya və Liviya ilə yanaşı regional və beynəlxalq məsələlərin müzakirə edildiyi telefon söhbəti zamanı Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi əzmi bir daha vurğulanıb” - deyə, Türkiyə tərəfi bildirib.

İki lider arasında telefon söhbəti alyansın ikinci ən böyük ordusuna malik olan NATO üzvü Türkiyənin oktyabrın sonlarında Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı ilk dəfə istifadə edilən pilotsuz təyyarələr də daxil olmaqla, Ukraynanı silahla təchiz etməklə Moskvanı qəzəbləndirdiyi vaxt baş tutub.

Türkiyənin həm Kiyev, həm də Moskva ilə yaxşı əlaqələri var, lakin Ankara Moskvanın Ukraynanın Krım yarımadasını ilhaq etməsini tənqid edib və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığında təxminən 100 000 əsgəri qüvvə cəmləşdirməsi Moskvanın ABŞ və NATO-dan hərtərəfli təhlükəsizlik qarantiyaları tələb etdiyi vaxt mümkün müdaxiləyə hazırlaşması ilə bağlı qorxuların artmasına səbəb olub.

Moskva xüsusilə də NATO-nun Ukrayna və keçmiş Sovet İttifaqının digər ölkələrini üzvlüyə qəbul etməkdən imtina etməsini, eləcə də Mərkəzi və Şərqi Avropada hərbi yerləşdirmələrin miqyasını azaltmasını istəyir.

Rusiya və Türkiyə həmçinin 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağda müharibədə Ermənistan qüvvələri üzərində qələbəsindən sonra Cənubi Qafqazda sabitliyin təmin edilməsi istiqamətində diplomatik səylərdə əməkdaşlıq edir.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Türkiyənin müttəfiqi olan Azərbaycanın da iştirak etdiyi daha geniş regional sülh səyləri çərçivəsində münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlamaq üçün bu ay Moskvada görüşəcəyi gözlənilir.

Rusiya və Türkiyə Suriya və Liviyada qarşı tərəfləri dəstəkləsə də, münaqişənin azaldılması istiqamətində əməkdaşlıq aparır.

XS
SM
MD
LG