Accessibility links

Putin yenidən prezidentlik üçün müddət məhdudiyyətinin götürülməsinə razılıq verib


Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin ikinci oxunuşda müzakirə olunduğu Dövlət Dumasına gəlib. Bundan əvvəl millət vəkili Valentina Tereşkova hazırkı dövlət başçısının prezidentlik müddətini ”sıfırlamağı" təklif edib. Konstitusiya Məhkəməsi razılaşacağı halda düzəlişin qəbul olunacağını istisna etməyən Putinin çıxışından 15 dəqiqə sonra Dumada səsvermə keçirilib. Nəticədə sıfırlama ilə bağlı düzəliş təsdiq edilib.

Düzəlişin lehinə 380 nəfər, əleyhinə 43 nəfər (Kommunist Partiyası fraksiyası daxil olmaqla) səs verib. Bir nəfər isə bitərəf qalıb.

Düzəliş keçmiş kosmonavt, Dövlət Dumasının deputatı Valentina Tereşkova tərəfindən təqdim edilib.

“Məsələ onunla bağlı deyil, məsələ bizimlə, Rusiya vətəndaşları və onun gələcəyi ilə bağlıdır. Əgər belədirsə, özümüzdən niyə nəsə kəşf edək, niyə bir növ süni manelər düşünək? Hər şeyi vicdanla, səmimi və açıq şəkildə edilməlidir. Konstitusiyada prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətləri ümumiyyətlə aradan qaldıraq. Vəziyyət belə tələb edirsə və ən başlıcası insanlar bunu istəyirsə, qanunda hazırkı prezidentin yenidən bu vəzifəyə seçilməsi təmin ediısin. Artıq yenilənmiş Konstitusiyaya uyğun olaraq" - deyə, Tereşkova qeyd edib.

Prezident düzəliş elan edildikdən iki saat sonra Dövlət Dumasına gələrək deputatlar qarşısında çıxış edib.

"Düzəlişlərlə bağlı təşəbbüsün məndən gəldiyini nəzərə alaraq, burada öz mövqeyimi bildirmək istərdim. Düzəlişlərin çoxdan vaxtı çatıb və əminəm ki, bunlar vətəndaşlarımız üçün faydalı olacaq. Onlar suverenliyimizi, ənənələrimizi və dəyərlərimizi möhkəmləndirəcək" - deyə, Putin vurgulayıb.

Putin Konstitusiyaya dəyişikliklər qəbul edildikdən sonra səlahiyyətlərini avtomatik olaraq uzatmaq baxımından da, prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətin tamamilə ləğvi baxımından da Valentina Tereşkovanın fikirlərini dəstəkləmədiyini söyləyib.

"Mövcud prezidentin, bəndənizin səlahiyyətlərinin uzadılması ilə bağlı təkliflər var idi. Bunu vətəndaşların düzəlişin lehinə səs verməsi əsasında etmək lazımdır. Apreldə ümumrusiya səsverməsi keçiriləcək. Bu vəziyyətdə prezidentin səlahiyyətlərinin alternativsiz seçkilər nəticəsində uzandığı ortaya çıxır. Bu, məncə yanlışdır, bunu etmək lazım deyil. Rusiya vətəndaşları hər hansı bir seçkidə həmişə alternativə sahib olmalıdırlar" - deyə, Vladimir Putin vurğulayıb.

Ancaq o, Tereşkovanın prezidentlik müddətini ”sıfırlamaq" fikrinə qarşı çıxmayıb. Onun sözlərinə görə, bu təklif Konstitusiyaya dəyişikliklər qəbul edildikdən sonra Konstitusiya Məhkəməsinin bu barədə müsbət rəy verdiyi halda həyata keçirilə bilər.

"Tereşkovanın prezidentlik müddətini ”sıfırlamaq" təklifi mahiyyət etibarilə istənilən şəxs, istənilən vətəndaş, o cümlədən hazırkı prezident üçün məhdudiyyətin aradan qaldırılması və gələcəkdə namizəd olmasına imkan vermək deməkdir. Təbii ki, açıq və rəqabətli seçkilər zamanı" - deyə, Putin bildirib.

XS
SM
MD
LG