Accessibility links

Putinin şəxsi həyatı - Rusiya mətbuatı üçün tabu


Adətən əkiz övladların dünyaya gəlişi böyük sevinclə qarşılanır və əgər valideynlərdən biri hökumət başçısı, digəri isə tanınmış ictimai fiqurdursa, o zaman adətən körpələrin fotoları mətbuat səhifələrini doldurur. Lakin Vladimir Putinin idarə etdiyi Rusiyada belə görünür vəziyyət fəqrlidir: ölkədə Putinin şəxsi həyatının mediada müzakirəsi qadağandır.

Artıq bir müddətdir Moskvada Rusiya liderinin 36 yaşlı sevgilisi, gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın bu ayın əvvəli Moksvada dünyaya əkiz körpələr gətirdiyi haqda şayiələr dolaşır. Putin və “gizli birinci xanım” ləqəbi almış Kabayeva haqda şayiələr ilk dəfə 2008-ci ildə Kabayevanın İsveçrədə deyilənə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskinin məsləhət gördüyü özəl klinikada dünyaya övlad gətirdiyi zaman dolaşmağa başlamışdı.

Kreml o vaxt da indi olduğu kimi Kabayevanın doğuşu haqda məlumatları gizlətməyə çalışırdı. Özəl həyatını məxfi saxlayan Putin (bu, onun Dövlət Təhlükəsizlik Komitəsi –KQB-də işlədiyi vaxtlar yaranan bir vərdiş ola bilər) Kabayeva ilə münasibətləri olduğunu uzun vaxtdır inkar edir.

Mümkün romantik münasibətlər haqda bir dəfə sualı cavablandırarkən Putin deyib: “Mən həmişə xəstə burunları və erotik fantaziyaları ilə insanların şəxsi həyatına qarışan adamlar haqda mənfi fikirdə olmuşam.”

Arxiv fotosu - Rusiya prezidenti Vladimir Putin və Alina Kabayeva Kremldə ziyafət zamanı, 4 noyabr, 2004.
Arxiv fotosu - Rusiya prezidenti Vladimir Putin və Alina Kabayeva Kremldə ziyafət zamanı, 4 noyabr, 2004.

Putin 2013-cü ildə həyat yoldaşı Lyudmila Şkrebnevadan boşandığını elan etmişdi. Onların bu 30 illik evlilikdən iki qızları var. Putin Aeroflot hava yollarının keçmiş bələdçisi və rus dili müəllimi olmuş həyat yoldaşından ayrıldığını Kremldə balet tamaşasının fasiləsi zamanı ictimaiyyətə açıqlayaraq, bunun qarşılıqlı razılaşma əsasında əldə edilmiş qərar olduğunu demişdi. Putinlə boşandıqdan sonra Lyudmila Şkrebneva yenidən ailə qurub və ictimaiyyət arasında az-az görünür.

Rusiya kütləvi informasiya vasitələrindəki mənbələrə əsasən, Kreml bu dəfə də əkizlərin doğulması haqda xəbərlərə operativ şəkildə reaksiya verərək, Putinin şəxsi həyatı haqda məlumatlar verən qəzet və xəbər saytlarına münasibətdə qəti mövqeyini bir daha nümayiş etdirib. 2016-cı ildə Rusiyanın RBK tele kanalının üç redaktoru Putinin sərvəti haqda materiallara görə işdən çıxarılıb.

İlk dəfə Rusiya liderinin yaxın çevrəsinə daxil olan oliqarx Arkadi Rotenberqin sahibi olduğu “Moskovskiy Komsomolets” veb saytı Alina Kabayevanın əkizləri dünyaya gətirdiyi haqda məlumat verib. Lakin material dərhal səhifədən çıxarılıb. Rusiya rəsmiləri bununla bağlı şərh verməkdən imtina edir.

Lakin bundan sonra Kabayeva haqda digər xəbər səhifələrində də məlumatlar verilməyə başlayıb. Bunlardan biri dni.ru saytında “Əkizləri olmuş Kabayeva yox olub” başlığı altında çıxan məqalədir.

Arxiv fotosu - Alina Kabayeva Moskvada Dövlət Dumasının iclasında, 20 aprel, 2011.
Arxiv fotosu - Alina Kabayeva Moskvada Dövlət Dumasının iclasında, 20 aprel, 2011.

Putinin yaxın çevrəsinə aid olan daha bir oliqarx-Aleksandr Karmanova məxsus Dom2Life şoubiz veb saytında Kabayeva haqda ilk dəfə məlumat onun mayın 12-də 36 yaşının tamam olduğu gün verilib.

Rusiyada araşdırmaçı jurnalist Sergey Kanevə əsasən, Kabayeva əkiz oğlanları Kulakov adına klinikada Qeysər kəsiyi cərrahiyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Kabayeva üçün klinikada əvvəlcədən bir mərtəbənin hazırlandığı deyilir. Britaniyanın Daily Mail qəzetinə müsahibə verən Kanev deyib ki, əməliyyat italiyalı həkimin iştirakı ilə keçib.

Alina Kabayeva böyük idmandan getdikdən sonra model kimi çalışıb və 2014-cü ilə qədər Rusiya parlamentinin qanunuvericisi olub. O hazırda Milli Media Qrupunun rəhbəridir.

Kabayeva haqqında xəbərlərin belə gizli saxlanması Rusiyada mətbuat azadlığının daha da məhdudlaşdırıldığı və Kremlin xəbərlərin təqdimatına nəzarətini gücləndirdiyi vaxta təsadüf edir.

Bu ay gündəlik Kommersant qəzetinin ondan çox jurnalisti tanınmış muxbirlər İvan Afronov və Maksim İvanovun işdən çıxarılmasına etiraz olaraq qəzetdə fəaliyyətlərini dayandırdıqlarını elan edib. Jurnalistlər Avronov və İvanovun müəllifləri olduğu məqalənin Kreml tərəfindən bəyənilmədiyini bildirib.

Qəzetin sahibi Putinlə yaxın əlaqələrə malik milyarder oliqarx Alişer Usmanovdur.

Mart ayında Kommersant qəzetinin daha bir jurnalisti Mariya Karpenko Sank Peterburqda siyasi hadisələrlə bağlı məqalələrinə görə işdən çıxarılıb.

Müstəqil The Bell xəbər agentliyinə əsasən, Kommersant digər rəqib media qurumları arasında Kremldən müstəqilliyini saxlaya bilsə də, siyasi mövzularda senzuraya məruz qalırdı, lakin jurnalistlərin kütləvi şəkildə qəzeti tərk etməsi bu müstəqilliyi sual altına almış olur.

Rusiya jurnalistləri hökumətin xəbər redaksiyalarının müstəqilliyini daha da çox məhdudlaşdırmağa çalışacağından ehtiyat edir. Mart ayında Putin “saxta xəbərlər”in yayılması və “hökumətə hörmətsizlik” haqda qanunlara imza atıb. Bu qanunları pozanlara qarşı cərimələr və həbs cəzaları tətbiq ediləcək. Müşahidəçilər qanunların qeyri-məyyən yazılışının azad mətbuatın bundan sonra daha da çox sıxışdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq edir.

XS
SM
MD
LG