Accessibility links

Putinin mətbuat katibi koronavirus səbəbi ilə xəstəxanaya yerləşdirilib


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib. O, bu barədə RİA Novosti informasiya agentliyinə açıqlama verib. Onun vəziyyəti haqda dəqiq məlumat yoxdur.

Peskov prezidentə ən yaxın məmurlardan biri hesab olunur, hər gün brifinq formatında jurnalistlər üçün Kremlin və Putinin fikirlərini şərh edir. Onun Prezidentlə sonuncu dəfə nə zaman görüşdüyü haqda məlumat verilmir. Məlumdur ki, dövlət başçısı hazırda Novo-Ogaryovdakı iqamətgahında yaşayır və görüşlərin çoxunu distansiyadan keçirir.

Aprelin əvvəlində Peskov istifadəçilərə xəstəliyə yoluxma ehtimalını azaldacağını vəd edən "virus bloker" adlanan, effektivliyi sübut edilməyən bir cihazla ictimaiyyət qarşısına çıxmışdı. Jurnalistlər ondan bu barədə soruşduqdan sonra o bu məsələyə qayıtmayıb.

Peskov Putini martın sonlarında koronavirus xəstələri üçün ayrılmış Moskvadakı Kommunarka xəstəxanasında müşayiət edib. O zaman təhlilçilər Peskovun sosial məsafəni saxlayan və tibbi maska taxan yeganə vəzifəli şəxs olduğunu qeyd edib.

Peskovdan başqa, Rusiyanın baş naziri Mixail Mişustin, mədəniyyət naziri Olqa Lyubimova və inşaat naziri Vladimir Yakuşev koronavirus infeksiyasına yoluxub.

XS
SM
MD
LG