Accessibility links

ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürüldü


ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülüb. Fələstinlilər və beynəlxalq ictimaiyyətin böyük hissəsi ABŞ-ın bu addımını qınayıb.

Səfirlik üçün daimi və geniş yer müəyyən edilənədək səfirlik müvəqqəti olaraq Qüdsdəki ABŞ konsulluğunda fəaliyyət göstərəcək.

“Bir çox prezident milli təhlükəsizlik səbəbindən səfirliyin Qüdsə köçürülməsindən imtina etməyə imza atıb. Prezident Tramp isə səfirliyin Qüdsə köçürülməsinin məhz milli təhlükəsizlik maraqları baxımından daha məqsədəuyğun olduğunu düşünür. Səfirliyin köçürülməsinin başqa səbəbi də var. Bəziləriniz bilirsiniz ki, prezident sabiq daşınmaz əmlak iş adamıdır. Və prezident Amerika səfirliyinin Qüdsün yaxşı yerində tikilməsini istəyir”- deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

ABŞ səfirliyinin rəsmi olaraq Tel-Əvivdən Qüdsə köçürülməsinin əleyhinə minlərlə insanın etiraz aksiyası keçirdiyi Qəzza zolağının sərhədində 37 adam həlak olub, azı 500 nəfər isə yaralanıb. Son həftələr etiraz aksiyaları zamanı öldürülənlərin sayı 60-ı ötür.

Yerli səhiyyə işçiləri bazar ertəsi baş vermis toqquşmada zərər çəkmiş insanlar haqda xəbər verib.

Tənqidçilər İsrail qüvvələrini odlu silahdan atəş açmalarına görə qınayır. İsrail isə bu addımın insanların sərhəd divarları önündə təhlükə yaratdığı səbəbindən müdafiə məqsədi ilə atıldığını deyir.

Köçürülmənin böyük qaçılmaz problemlərinə baxmayaraq, səfirlik prezident Trampın seçkiqabağı kampaniyası zamanı verdiyi vədi bazar ertəsi həyata keçirməyə çalışıb.

Səfirliyin Qüdsə köçürülməsi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra həyata keçirilib. Qərar İsrailin sevinci, fələstinlilərin isə qəzəbi ilə qarşılanıb. Belə ki, fələstinlilər Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı hesab edir. Şəhərin bu bölgəsi 1967-ci ildə İsrail tərəfindən ələ keçirilib.

Fələstin rəsmisi Saeb Erekat diplomatlar, vətəndaş cəmiyyətləri və dini liderləri səfirliyin açılış mərasimini boykot etməyə çağırıb.

"Mərasimə qatılanlar beynəlxalq qanunları və Fələstin xalqının fundamental hüquqlarını pozduqlarına dair mesaj göndərmiş olacaq"- deyə, o bildirib.

İsraillə diplomatik əlaqəsi olan ölkələrin əksəriyyətinin səfirliyi Tel-Əvivdə yerləşir.

Səfirliyin açılış mərasimində Tramp iştirak etməyib. Lakin onun administrasiyasını dövlət katibinin müavini Con Sillivan, maliyyə naziri Steven Mnuçin, Trampın qızı İvanka və onun həyat yoldaşı, Ağ Evin yardımçısı Ceyrd Kuşner təmsil edib.

XS
SM
MD
LG