Qırğızıstanın təhlükəsizlik qüvvələrinin paytaxt Bişkek yaxınlığında keçirdiyi xüsusi əməliyyat zamanı keçmiş prezident Atambayevin saxlanıldığı bildirilir.
Keçmiş prezident Almazbek Atambayev Bişkek yaxınlığındakı Köy-Taş kəndində saxlanılıb. Reyd Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri tərəfindən keçirilib.
Atambayevi həbs etmək üçün çərşənbə günü axşam ilk cəhd baş tutmayıb, belə ki, tərəfdarları onun müdafiəsinə qalxıb.
Parlament korrupsiya işi ilə əlaqədar olaraq eks-prezidentin toxunulmazlıq statusunu ləğv edib. Atambayev tərəfdarlarını itaətsizlik göstərməyə çağırıb. Lakin bundan öncə o bildirib ki, müqavimət göstərən tərəfdarları saxladıqları xüsusi təyinatlıları sərbəst buraxmalıdır. Tərəfdarları girov götürdükləri altı polis işçisini cümə axşamı günü azad edib.
Atambayevin saxlanılması məqsədilə keçirilmiş reyd zamanı toqquşmalarda xüsusi təyinatlı dəstənin iki üzvü ağır yaralanıb. Onlardan biri sonradan xəstəxanda ölub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bir milis işçisi də ağır vəziyyətdə reanimasiyadadır.
2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olmuş Almazbek Atambayevə qarşı vəzifəsindən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb. Eks-prezident bu ittihamları rədd edir.
Qırığızstanın hazırkı prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, ölümlə nəticələnmiş zorakılığa bütün məsuliyyəti Atambayev daşıyır.
Qırğızıstanda 2005 və 2010-cu illərdə prezident hakimiyyətinin zorakılıqların baş verməsi nəticəsində dəyişməsindən sonra hakimiyyətin Atambayevdən Jeenbekova dinc keçidi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanmışdı.
Keçmiş Sovet İttifaqının respublikalarından biri olan Qırğızıstan Rusiyanın yaxın müttəfiqidir.