Təhlükəsizlik şurası sədrinin müavini Omurbek Suvanaliyev cümə axşamı Rusiyanın İnterfaks xəbər agentliyinə bildirib ki, Qırğızıstan hökumətini devirən iğtişaşlar fonunda təhlükəsizliyi təmin etmək üçün sərhədlərini bağlayıb.
Minlərlə insanın iştirak etdiyi nümayişlər bu həftə Qırğızıstanın Nazirlər Kabinetinin istefasına, Mərkəzi Seçki Komissiyasının isə bazar günü keçirilən parlament seçkilərinin nəticələrini ləğv etməyə məcbur edib və hazırda ölkəni rəhbərsiz qoyub.
Baş nazir istefa verdikdən və parlament seçkilərinin nəticələrinin ləğv edilməsindən bir gün sonra, çərşənbə günü ölkənin müxalifət partiyaları yeni bir hökumət qura bilməyib.
8 partiyanın təmsilçiləri fikir ayrılıqlarını aradan qaldırmağa nail olmayıb. Müzakirələrə digər böyük fraksiyalar qatılmayıb.
Bu arada, Boronovun (sabiq baş nazir) varisi olmaq üçün iki rəqib namizəd ortaya çıxıb.
Bir qrup millət vəkili çərşənbə axşamı gecə keçmiş millət vəkili Sadır Japarovun namizədliyini irəli sürüb. Lakin Boronov, Jenbekov və bir neçə müxalifət partiyası onun namizədliyini rədd edib.
Qırğızıstanın müxalifət partiyaları oktyabrın 4-də 16 partiya üzvünün 120 yer uğrunda yarışdığı parlament seçkilərinin rəsmi nəticələrini tanımadığını bəyan edib.
Seçki məntəqələri bağlanandan sonra müxalifət tərəfdarları paytaxt Bişkek və ölkənin şimal-qərbindəki Talas şəhərində dinc yürüşlərə çıxaraq, seçkilərdəki kütləvi pozuntulara etiraz edib.
Çərşənbə axşamı paytaxtın nəzarətini əlinə almağa çalışan müxalifət hökumət və təhlükəsizlik xidmətinin qərargahlarına daxil olub.
Etirazçılar daha sonra Dövlət Milli Təhlükəsizlik Komitəsinin qərargahına daxil olaraq, korrupsiya ittihamı ilə uzun müddət həbs cəzasına məhkum edilən sabiq prezident Almazbek Atambayevi azad ediblər.
Rusiyanın yaxın müttəfiqi, 6,5 milyon əhalisi olan bu Orta Asiya ölkəsi siyasi qeyri-sabitlik tarixinə malikdir. Son 15 ildə ölkənin iki prezidenti üsyanlar nəticəsində hakimiyyətdən devrilib.