Accessibility links

Qırğızıstanda korrupsiya halları barədə məlumat verənlər mükafatlanacaq


Qırğızıstanda korrupsiya üzrə qanun pozuntuları barədə xəbər vermiş şəxslərin müdafiəsi barədə qanun qüvvəyə minib.

Sənədə əsasən hökümət işçiləri tərəfindən korrupsiya halları barədə məlumat verən vətəndaşlar maddi mükafat alacaqlar.

"Qırğızıstanda korrupsiya ilə mübarizənin məhsuldar olmasını istəyiriksə, bunun yalnız hüquq-mühafizə orqanları məşğul olmamalıdır. Sadə vətəndaşlar da bu məsələdə kömək etməlidirlər. Bu baxımdan Qırğızıstanın bu qanuna ehtiyacı var. Qanunun əsas məqsədi korrupsiya barədə məlumat verən şəxslərin qorunmasıdır. Həm də təkcə qorumaq deyil, həm də ruhlandırmaqdır," qanunun təşəbbüskarı sabiq millət vəkili Aida Salyanova deyib.

Qanun layihəsi hələ 2016-cı ildə hazırlanıb. Qanuna əsasən, korrupsiya faktı məhkəmədə sübut olunduğu halda müvafiq hüquq-mühafizə orqanı kompensasiya verdiyi zərərin 30% -ini alacaq, ilkin olaraq ərizəni verən şəxs isə bu məbləğin üçdə birini alacaq.

Qanuna əsasən, hökümət korrupsiya halını bildirən şəxsin qorunmasını, xüsusən də başqa yerə köçürülməsini, ad və soyadını, görünüşünü və iş yerinini dəyişdirilməsini təmin etməyə borcludur. Bu qayda korrupsiya halı barədə məlumat verən şəxsin yaxınlarına da şamil olunur.

“Bu xalqın rəğbətini qazanmaq və onun fikrini yayındıraraq, başqa səmtə yönəltməyə çalışmaqdır, “Bütün Qırğızıstan" partiyasınn lideri Adaxan Madumuradov deyir. “Korrupsiya barədə hamının çox gözəl məlumatı var, bununla məşğul olan yuxarılar da, buna nəzarət edən aşağılar da.”

İqtisadçı ekspert Azamat Attokurovun fikrincə, belə qanuna ehtiyac var: “Lakin onun tam qüvvə ilə işləməsi üçün korrupsiyanın cinayət törətməsinin prosedurunu müəyyənləşdirən və məhkəmə işinin açıq və ya qapalı olacağını müəyyən edən qanunaltı aktlar lazımdır. Bunun NKVD dövrünün "donoslarından” fərqi isə, o zaman hər kəsin bir-birindən, qonşunun qonşudan “stukaçlıq" etdiyi dövrün olmasıdır. Burda isə sadə vətəndaşın dövlət qulluqçusu tərəfindən qanun pozuntusu barədə xəbər verməsindən söhbət gedir - məsələn, onun malikanəsinin, imarətinin, sarayının olması və bu cür hallar barədə. Korrupsiya anlayışı yalnız dövlət məmurlarının işinə aiddir".

2016-2017-ci illərdə Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidməti (Maliyyə Polisi) 3807 cinayət işi başlayıb. Lakin onların cəmi 23 faizi məkhəməyə göndərilib.

Baş prokurorun verdiyi məlumata görə, 2018-ci ildə korrupsiyaya qarşı mübarizə çərçivəsində 490, 2017-ci ildə isə 413 cinayət işi açılıb.

Transparency International təşkilatının 2018-ci il üzrə Korrupsiyanın qavranılması indeksinə əsasən Qırğızıstan 132-ci yerdədir. 2017-ci ildə o, 141-ci olub.

Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.

Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azərbaycan dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi.

XS
SM
MD
LG