Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin ilk yardımı böhran yaşanan Venesuelaya çatdırılıb. Karakasa yardımlar Maduro hökuməti ilə ötən ay əldə edilən razılığın şərtlərinə əsasən göndərilib.
BMT 30 milyonluq Venesuela əhalisinin 25 faizinin təcili ərzaq və tibbi yardıma ehtiyacı olduğunu bildirir. 3.7 milyon insan normal qidalanmır. 5 yaşından aşağı 22 faiz uşaq xroniki aclıq keçirir.
Maduro keçən həftə bildirib ki, onun hökuməti BMT agentlikləri ilə humanitar yardımlar barədə razılıq əldə edib. Lakin o, ABŞ və digər ölkələrin yardımından imtina edib.
Venesuela prezidenti ABŞ-ı bu bəhanə ilə ölkəsinə müdaxil etmək niyyətində günahlandırıb.
Müxalifət lideri Xose Quaydonun özünü prezident elan etməsi və bir sıra ölkənin onu müvəqqəti prezident kimi tanımasına baxmayaraq, Maduro hakimiyyətdən əl çəkmir.
Quaydonun ölkəyə xarici yardımlar gətirməsi səyləri baş tutmayıb.