Accessibility links

Qızılca ilə bağlı Nyu York şəhərində fövqəladə vəziyyət elan edilib


Nyu Yorkun ultra-pravoslav yəhudi cəmiyyətində qızılca epidemiyasından sonra şəhər rəsmiləri çərşənbə axşamı səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edib.

Şəhər meri Bill de Blazio bildirib ki, Bruklinin Villiamsburq bölgəsində yaşayan, işləyən, məktəbə gedən və peyvənd olunmayan hər kəsə digərlərini qorumaq məqsədilə qızılca, qulaqdibi xəstəliyi (parotit) və rubella peyvəndləri vurulacaq.

"Bu epidemiyanı dayandırmağın yeganə yolu indiyə qədər olmayanların peyvənd olunmasıdır. İnsanlar başa düşməlidir ki, peyvənd işə yarayır. təhlükəsiz və effektivdir" - deyə, Blazio qeyd edib.

Peyvənddən imtina edən və ya peyvənd olunduğuna dair sübut təqdim edə bilməyənlər 1000 dollar cərimə ödəyəcəklər.

Rəsmilərin dediyinə görə, Nyu York şəhərində 285 qızılca faktı təsdiqlənib və bu da 1991-ci ildən bəri yaşanan ən böyük epidemiya hesab edilir.

Bruklinin ən böyük pravoslav icmalarının dini liderlər peyvənd çağırışlarını dəstəkləsə də, şəhər rəsmiləri bildirib ki, bəzi insanlar səhv məlumatlandırıldığından peyvənd olunmağa qarşı çıxır.

Birləşmiş Ştatlarda qızılca xəstəliyinə tutulanların sayı artmaqda davam edir. Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, ötən həftə ABŞ ərazisində qızılcaya tutulanların sayı 387 nəfərdən 465 nəfərə qalxıb.

XS
SM
MD
LG