Accessibility links

Qəbələdə meşə yanğını davam edir


Avqustun 11-də Qəbələ rayonunun (Bakıdan 220 kilometr qərb) Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğın hələ də davam edir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə nazirliyin aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

“Hazırda yanğının söndürülməsi əməliyyatları nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir. Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir,” məlumatda qeyd edilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Sinoptiklərin məlumatına görə, ölkə ərazisində istilər gələn həftə də davam edəcək.

XS
SM
MD
LG