Qəbələ rayonunda (Bakıdan 220 kilometr qərb) mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.
Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib.
O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub.
“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobilləri çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq,” Məmmədov qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.