Accessibility links

Qərb təhlilçiləri: Münaqişəyə davamlı diqqət ayrılmalıdır


Conatan Katz, Riçard Vaytz, Sim Tak

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında başlanan hərbi toqquşmalar hər iki tərəfdə hərbi və mülki şəxslər arasında çoxsaylı itkilərlə müşayiət olunduğu bir vaxtda Qərb təhlilçiləri bir vaxtlar donmuş konfliktin həlli üçün səylərin gücləndirilməsinə ehtiyac duyulduğunu deyirlər.

Amerikanın Səsinin son toqquşmaların səbəbləri və beynəlxalq aktoyrların münaqişədəki rolu ilə bağlı suallarını cavablandıran ABŞ-ın Alman Marşal Fondunun baş elmiş işçisi Conatan Katz deyib ki, hazırda baş verən toqquşmalar daha ciddi bir hal ala və bu, heç bir tərəfin xeyrinə olmaya bilər.

Onun fikrincə, münaqişə ətrafındakı siyasi proses iki ölkənin tutduğu mövqelər və məsələnin həll olunmayan tərəfi döyüşlərə gətirib çıxarır.

Katzın sözlərinə görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı və regiondakı ölkələr münaqişə əvəzinə siyasi prosesin aparılmasını istəyirlər və bu səbəblə də tərəfləri döyüşlərə son qoymağa çağırırlar.

“Məncə Birləşmiş Ştatlar və beynəlaxaq ictimaiyyət tərəfindən məsələyə daha davamlı diqqət ayrılmalıdır,” o deyib.

Katz həmçinin Rusiya və Türkiyənin regiondakı tarixi rolunun tərəfləri münaqişəsinin həllinə doğru getmələrinin qarşını ala bildiyini söyləyib.

“Məsələ Ankara və Moskvanın nə etdiyində deyil, nə etmədiyindədir. Onlar diqqəti gərginliyin azaldılmasına yönəltməlidirlər,” təhlilçi bildirib.

O, döyüşlərin heç kimin xeyrinə olmayacağını, çox sayda insanın öləcəyini və ya yaralanacağını və nəticədə tərəflərin münaqişənin həllindən daha da uzaqlaşacağını bildirib.

Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytzın sözlərinə görə, son toqquşmaya iyul ayında baş verən gərgnilik səbəb olub. O düşünür ki, həmin toqquşmada Azərbaycanın generalı və bir neçə başqa zabiti öldürüldüyü üçün Azərbaycan cəza verməyə qərar verərək, hücuma başlayıb.

“Onlar bəzi irəliləyişlər əldə edib, amma hazırda təmas xəttində genişmiqyaslı döyüş gedir. Və vəziyyətin necə davam edəcəyi bəlli deyil,” Vaytz bildirib.

Onun fikrincə, bu münaqişənin ən narahatedici tərəfi münaqişəyə hər iki tərəfdən cəlb oluna biləcək üçüncü ölkələrin olmasıdır.

“Türkiyə Azərbaycan qüvvələrinə güclü dəstəyini idafə edib. Ermənilər isə iddia edir ki, Türkiyə döyüşlərdə iştirak etmək üçün əraziyə muzdlu əsgər və başqa qüvvələr göndərib. Buna dair bir sübut yoxdur, amma bu, münaqişənin genişlənəcəyinə işarə edir,” o deyib.

Onun fikrincə, Avropa, ABŞ, Rusiya, İran və başqa ölkələr tərəfləri razılığa və atəşkəsə çağırsa da, məsələyə lazım olduğu qədər diqqət ayrılmayıb.

“Fikrimcə, ABŞ-ın diqqəti seçkilərə yönəlib, Avropanın və Rusiyanın başı Belarusa qarışıb. Ona görə də düşünürəm ki, bu qüvvələr Türkiyə, İran və Rusiyanın münaqişəyə daha çox cəlb olunmasının qarşısını almaq üçün lazım olduğu qədər müdaxilə etməyəcəklər.”

Geosiyasi kəşfiyyat platforması Stratfor-un baş qlobal analitiki Sim Tak Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, onun fikrincə genişmiqayslı müharibə aparmaq nə Azərbaycan, nə Ermənistanın imkanları daxilində deyil.

Tak deyib ki, tarixən Türkiyə ilə Rusiya regiondakı nüfuz üzərində rəqabət aparıblar. Azərbaycanla Ermənistan arasındakı münaqişədə isə ənənəvi olaraq belə bir düşüncə var ki, Türkiyə Azərbaycanı, Rusiya isə Ermənistanı dəstəkləyir. Lakin onun fikrincə, real vəziyyət daha mürəkkəbdir. Onun dediyinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırma mövqeyinə sahibdir. Rusiya Ermənistana tərəf daha meylli olsa da, hər iki ölkə ilə güclü münasibətləri var.

“Türkiyə perspektivindən, xüsusilə də Türkiyə Suriya və Liviya kimi yerlərdə Rusiya ilə qarşı-qarşıya gəldiyi bir neçə münaqişələrə cəlb olunduğu bir zaman Azərbaycana təzyiq göstərmək məntiqlidir. Azərbaycanı Ermənistanla münaqişəyə sürükləmək Türkiyə Və NATO-nun Azərbaycan üzərindəki təsirini gücləndirə, eyni zamanda Rusiyanın Azərbaycanla münasibətləri davam etdirmək səylərini çətindləşdirə bilər.

Sim Tak deyib ki, vəziyyətin necə davam edəcəyi Türkiyə və Rusiyadan asılı olacaq. Onun sözlərinə görə, əgər Türkiyənin münaqişəyə müdaxiləsində bir dəyişiklik olsa və ya Rusiya birbaşa müdaxilə etsə o zaman münaqişə 2016-cı ildə baş verən gərginlikdən daha ciddi hal ala bilər. Amma onun fikrincə, Türkiyə tələsik qərar vermir, Rusiya da vəziyyəti sakitləşdirməyə çalışır.

“Rusiya bu münaqişədən regiondakı sülhpərvər kimi çıxmaq istəyir ki, bu onun Cənubi Qafqazda nüfuzunu artırmasına yardım edəcək,” Tak bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG