Accessibility links

Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin bəzi məktəblərində ana dilinin eksperimental tədrisi başlanacaq


Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin bəzi məktəblərində Azərbaycan türkcəsinin tədrisi eksperimental şəkildə başlayacaq.

Bu məlumatı Urmiyə və Ərdəbil şəhərlərinin millət vəkilləri mediaya verdikləri açıqlamalarda bildiriblər.

Ərdəbil şəhərinin İran parlamentindəki nümayəndəsi vilayətin bəzi məktəblərində Azərbaycan türkcəsinin eksperimental şəkildə tədris olunacağını bildirib.

Sodeyif Bədri
Sodeyif Bədri

İRNA xəbər agentliyinin məlumatına əsasən, Ərdəbil şəhərinin İran parlamentindəki nümayəndəsi Sodeyif Bədri İran İslam Respublikasının konstitutiyasının 15-ci maddəsinin uzun illər icra olunmamasına baxmayaraq, bu il Azərbaycan türkcəsinin tədrisinin başlayacağını deyib.

Türkcə dərsliklər hazırlanıb və təsdiq üçün Məclisin Araşdırma və Tədqiqat Mərkəzinə göndərilib.
Sodeyif Bədri

Ərdəbil vilayətinin xalqının və vəzifəli şəxslərinin məktəblərdə Azərbaycan türkcəsinin tədrisi kimi əsas tələblərindən birinə diqqət çəkən nümayəndə "bu vilayətdəki səlahiyyətlilər, xüsusən də ictimai təşkilatlar məktəblərdə Türkcənin qrammatikasının tədrisini tələb edirlər və biz də bunun ciddi çəkildə icra olunmasına cəhd edirik" deyib.

"Türkcə dərsliklər hazırlanıb və təsdiq üçün Məclisin Araşdırma və Tədqiqat Mərkəzinə göndərilib" - deyə, Bədri əlavə edib.

"Universitetlərdə də Azərbaycan türkcəsinə daha çox diqqət yetirilməlidir və hətta yerli olmayan tələbələr də universitetlərin əməkdaşlığı ilə bu ixtisasda dərs ala bilərlər", millət vəkili qeyd edib.

Şərqi Azərbaycan Təhsil İdarəsi avqustun 24-də yeni təhsil ilinin əvvəli vilayətin bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsinin tədris ediləcəyini açıqlamışdı.

Hadi Bahadırı
Hadi Bahadırı

Ötən həftə Urmiyənin millət vəkili Hadi Bahadırı "bu proqram ölkənin bütün əyalətlərini əhatə edir" deyərək, "həftədə iki saat ana dilində tədris" proqramının Qərbi Azərbaycanın bəzi məktəblərində də pilot şəkildə başlayacağını bildirmişdi.

İran Azərbaycanında ana dili tədrisi ilə bağlı ilk dəfə iyulun 17-də Şərqi Azərbaycan valisi Məhəmməd Rza Purməhəmmədi açıqlama verib. O, “bəzi məktəblərin yeni təhsil ilinin başlaması ilə bərabər həftədə ən azı iki saat ana dilinin tədrisi, grammatika və türkcə şeir üçün zaman ayırmalarını" istədiyini bildirib.


İranda qeyri fars etniklər və xüsusi ilə türklər ana dilində təhsil almaq hüququndan, Azərbaycan türkcəsində televiziya və mətbuata sahib olmaq hüququndan, eləcə də bir çox əsas hüquqlardan məhrumdur.

İran Azərbaycanında türk dili hüquqlarını müdafiə edən fəallar sistemə qarşı təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət kimi ittihamlarla uzun müddətli həbslərə məruz qalırlar.

XS
SM
MD
LG