İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 21-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirən zamanı qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Müdafiə Nazirliyinin iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyü bildirlir. Axtarış məqsədilə komissiya yaradılıb. Axtarışlara Türkiyə mütəxəssisləri də cəlb edilib.
Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılıb. Avqustun 19-da isə təyyarənin "qara qutu"su tapılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin `qara qutusu` tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.
"Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra `qara qutular` Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib," hərbi ekspert Amerikanın Səsinə bildirib.
Hərbi ekspert Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir.