Accessibility links

“Qaçqınkom”un vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılıb


Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") vəzifəli şəxslərinin 2017-ci ildə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda “Qaçqınkom”un hansı vəzifəli şəxslərinə qarşı cinayət işi açıldığı barədə məlumat verilmir.

Mayın 13-də prezident İlham Əliyev Kəlbəcər rayonuna yeni icra hakimiyyəti başçısı təyinatı zamanı məcburi köçkünlərə evlərin verilməsi zamanı rüşvət hallarının olduğunu bildirib.

“İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir,” prezident qeyd edib.

XS
SM
MD
LG