Accessibility links

Reyhan Camalova: Ən böyük arzum Nobel mükafatı almaqdır


Dünyanın ən nüfuzlu dərgilərindən biri olan “Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı yeniyetmə Reyhan Camalova bu günlər Boston şəhərində keçirilən Forbes sammitdə iştirak edib. Reyhan Camalova yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunun ixtiraçısıdır. Bu ixtira təmiz su problemini həll etmək üçün dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə edilərək, ondan potensial enerji kimi istifadə edilməsinə yol açır.

Reyhan Camalova Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibədə Forbes sammitində iştirakı, Rainergy layihəsi, qızların elm sahəsində təhsilə təşviq edilməsi və gələcək planlarından danışıb.

O, Forbes sammitində dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlərlə tanışlıq və Rainergy lahiyəsini daha geniş auditoriyaya tanıtmaq imkanı əldə etdiyini deyib.

Reyhan Camalova: Ən böyük arzum Nobel mükafatı almaqdır
please wait

No media source currently available

0:00 0:08:23 0:00

Həyatda ən böyük məqsədim isə insanlığa xeyirli bir fərd olmaqdır. Məhz elə sırf bu layihə ilə dünyanı limitsiz və yaşıl enerji ilə işıqlandırmaq mənim ən böyük hədəfimdir.

“Həqitətən, çox verimli oldu mənim üçün, çox böyük təcrübə oldu. Çalışdığım qədər insanlarla əlaqələr yaratmağa çalışdım. Və əlbəttə ki, bu tədbirdə mən çalışdığım qədər Rainergy layihəsini tanıtdım.”

Reinergy layihəsi 2017-ci ildə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində diqqətə səbəb olub. Reyhan Camalova dünyanın hər yerindən yeni sahibkarlar, sərmayəçilər və innovatorları bir araya gətirən ənənəvi illik tədbirdə iştirak etdən ən gənc ixtiraçı olub. ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Tramp Qlobal Sahibkarlıq Sammitində Reyhan Camalovanın nailiyyətlərini xüsusi təqdir edib.

“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - `Hər dəfə bir evi işıqlandır`. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

Reyhan Camalova deyib ki, əsasən yağışlı ölkələr üçün nəzərdə tutulan Rainergy qurğusu bu ərazilərdə insanların elektrik enerjisinə əlçatanlığını təmin etməyə kömək edə bilər.

Reyhan Camalova
Reyhan Camalova

“Dünyada yağışlı ölkələrdə bəzi ayrılmış ərazilər var ki, bu ərazilərdə insanların elektrikə əlçatanlığı, enerjiyə əlçatanlığı çox azdır, demək olar yoxdur. Bu da onların bir növ həyat fəaliyyətinə çox təsir göstərir, həm onların təhsili, digər sahələrdə onları geri salır. Və Rainergy məhz həmin ərazilər üçün nəzərdə tutulub, həmin ərazilərdə yaşayan insanlar üçün nəzərdə tutulmuş bir cihazdır.”

Reyhan Camalova həm də qızların elm, riyaziyyat, texnologiya kimi sahələrdə təhsilinin təşviq edilməsinin önəmini vurğulayıb. O, maarifləndirmə seminarlarının cəmiyyətdə qızlarla bağlı stereotiplərin aradan qaldırılmasına kömək edə biləcəyinə inandığını deyib.

Reyhan Camalova Rainergy cihazının təqdimatında
Reyhan Camalova Rainergy cihazının təqdimatında

“Bizim rayonlarımızda və s. fikirləşirlər ki, qızlar oxumasın, yəni ancaq ev xanımı olsunlar. Bu, çox səhv bir fikirdir. Ona görə də mənim fikrimcə, həmin o ərazilərdə, rayonlarda, ümumiyyətlə Azərbaycanda belə məlumatlandırıcı seminarlar keçirilməlidir. Ailələrlə müəyyən görüşlər keçirilməlidir.”

Gələcək planlarından danışan gənc ixtiraçı məktəbi bitirdikdən sonra ali təhsilini Massuçusets Texnologiya İnstitutu və Harvard kimi universitetlərdə davam etdirmək istədiyini deyib. Lakin Reyhan Camalovanın ən böyük arzusu dünyanın yaşıllaşdırılmasına töhfə vermək, elmi araşdırmalarını davam etdirmək və Nobel mükafatı almaqdir.

“Həyatda ən böyük məqsədim isə insanlığa xeyirli bir fərd olmaqdır. Məhz elə sırf bu layihə ilə dünyanı limitsiz və yaşıl enerji ilə işıqlandırmaq mənim ən böyük hədəfimdir. Əlbəttə ki, bu uğurlara çataraq, qazandığım və qazanacağım uğurlarla Azərbaycanın adını dünyada təmsil etmək və daha böyük elmi araşdırmalarımla Nobel mükafatı qazanmaq mənim ən böyük hədəfimdir.“

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG