Accessibility links

Ağ Ev, Dövlət Departamenti və Pentaqonda mətbuat katibləri qadınlardır


ABŞ administrasiyasında Ağ Ev, Dövlət Departamenti və Pentaqonu qadın mətbuat katibləri təmsil edir.

Keçən həftənin cümə günü Sara Hakabi Sanders Ağ Evin tarixində üçüncü qadın mətbuat katibi olub. Onun bu vəzifəyə təyinatı Ağ Evin sözçüsü Şon Spayserin istefasından sonra elan edilib.

Ağ Evdə mətbuat katibi vəzifəsinin 1929-cu ildə təsis edilməsindən sonra Sandersə qədər yalnız iki qadın bu mühüm postda fəaliyyət göstərib. 1993-1994-cü illərdə Bill Klintonun hakimiyyəti dövründə Dee Dee Meyers, bundan sonra isə prezident Corc Buş oğulun hakimiyyəti müddətində 2007-ci ildən 2009-cu ilə qədər Dana Perino Ağ Evin sözçüsü olublar.

Ağ Evin sözçüsü Sara Hakabi Sanders
Ağ Evin sözçüsü Sara Hakabi Sanders

Sara Hakabi Sanders mətbuat katibi vəzifəsinə təyin edilənə qədər Spayserin müavini rolunda çıxış edib və Ağ Evin əlaqələr şöbəsində mühüm mövqe tutub. Son günlər Ağ Evdə keçirilən gündəlik brifinqlər zamanı mətbuat üzvlərinin qarşısına məhz Sanders çıxırdı.

Ağ Evin əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Antoni Skaramuççi prezident Trampın onun işindən çox razı qaldığını bildirib.

“Prezident Saranı çox bəyənir. O onun çox yaxşı işlədiyini düşünür. Mən onunla razıyam. Mən onun işi ilə fəxr edirəm və fikrimcə, o, fenomenal bir mətbuat katibi olacaq.”

34 yaşlı Sara Hakabi Sanders həyatının əsas hissəsini böyük siyasi hadisələrin mərkəzində olub. O, Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabinin qızıdır.

Sanders prezident Corc Buş oğulun ikinci dönəm prezident seçilməsi üçün seçki kampaniyasının fəallarından biri olub.

Sara Hakabi Sanders ailələdir, onun üç övladı var.

Ağ Evin mətbuat katibi prezident administrasiyasında ən mühüm vəzifələrdən biri olmaqla yanaşı, olduqca gərgin iş və enerji tələb edən işlərdən biridir.

Dövlət Departamentinin sözçüsü Hether Noyert
Dövlət Departamentinin sözçüsü Hether Noyert

Mətbuat katibi administrasiyanın gördüyü işlərlə bağlı hər gün ölkə və beynəlxalq mətbuat üzvlərinin çox sayda sualları ilə qarşı-qarşıya qalan şəxsdir.

Prezident Corc Buş oğulun hakimiyyəti dövrü mətbuat katibi olmuş Dana Perino Ağ Evdə keçirdiyi illərlə bağlı xatirələrini “Yaxşı xəbər də budur ki...” adlı kitabında bölüşüb.

Dana Perino
Dana Perino

Sara Hakabi Sandersin təyin edilməsindən sonra hazırda həm Ağ Ev, həm Dövlət Departamenti, həm də Pentaqonda mətbuat katibi vəzifəsini qadınlar tutur. Hether Noyert ABŞ Dövlət Departamenti, Dana Uayt isə Pentaqonun mətbuat katibidir.

Tramp administrasiyasının Ağ Ev, Dövlət Departamenti və Pentaqonda qadınlarla təmsil olunması sosial mediada diqqətdən kənar qalmayıb.

Dövlət Departamentinin keçmiş sözçüsü Con Körbi Tvitter səhifəsində bunun diqqətəlayiq olduğunu qeyd edib.

Fox xəbərlər kanalının keçmiş aparıcısı olan Heither Noyert Dövlət Departamentinin sözçüsü kimi aprel ayında fəaliyyətə başlayıb.

Dana Uayt isə ABŞ müdafiə nazirinin ictimai məsələlər üzrə müşaviridir. O bundan əvvəl uzun müddət paytaxt Vaşinqtonda siyasi kommunikasiya sahəsində fəaliyyət göstərib, Senatın Silahlı Qüvvələr komitəsində çalışıb. Bununla yanaşı, Uayt 2008-ci ildə Arizona senator Con Makkeynin prezidentik kampaniyasında xarici məsələlər üzrə müşavir olub.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG