Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu, 3 il öncə çəkilmiş "Qafqaz triosu" və ya "Qafqaz üçlüyü" adlı filmi bu günlərdə Azərbaycanda müzakirələrə yol açıb. Bu haqda birinci danışan kinorejissor, tənqidçi Ayaz Salayev oldu, filmlə bağlı məqalə yazdı. Bundan sonra prezidentin köməkçisi Əli Həsənov hər kəsi filmə, onun müəllifinə münasibət bildirməyə çağırdı. Beləliklə, məsələ KİV-lərə, sosial mediaya daşındı, deputatlar, siyasətçilər, kinotənqidçilər müzakirəyə başladılar.
AzadlıqRadiosu R.İbrahimbəyova zəng vuraraq bəzi suallara cavab almaq istəyib. Amma «İndi danışmağa vaxtım yoxdur» deyən ssenari müəllifi və prodüser bildirib ki, bu haqda fikrilərini yazılı şəkildə KİV-ə təqdim edəcək.
İbrahimbəyov contact.az-a göndərdiyi qısa yazıda deyir ki, əksər azərbaycanlılar kimi, o da Ermənistanın ərazi iddialarının milyonlarla insanın taleyində əksini tapmış "dəhşətli" nəticələrə gətirib çıxardığını düşünür. Bununla belə, o, baş verənlərə görə erməni xalqını deyil, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qrupları ittiham etdiyini söyləyir.
İbrahimbəyov daha sonra yazır ki, "Qafqaz triosu" filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas A.Salayev ona bu qədər gec baxıb:
"Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya «sifarişli» olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır. Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşqun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir".
R.İbrahimbəyovun sözlərinə görə, "Qafqaz triosu" düşmən ölkələr nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və o inanır, bu gün müxtəlif səbəblərdən bu həqiqəti qəbul etməyənlər gec-tez onu dərk edəcəklər.