Accessibility links

Qafqaz Universiteti bağlanıb - Neft Məktəbinin idarəçiliyinə verilib (Yenilənib)


Azərbaycan Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov yerli mediaya Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib.

Onun sözlərinə görə, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi açıqlanıb.

***

Qafqaz Universitetinin təsisçisi iyulun 20-də Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Təhsil Nazirliyi bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

"Qafqaz" Universiteti Azərbaycanın keçmiş Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il qərarı ilə fəaliyyətə başlayıb, Azərbaycan Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il qərarı ilə dövlət qeydiyyatından keçib. Daha sonra 20 avqust 2002-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən lisenziya verilib.

Qafqaz Universiteti
Qafqaz Universiteti

Universitet Bakı-Sumqayıt yolu üzərində 20 hektar torpaq sahəsində inşa edilmiş müasir təhsil kompleksində yerləşir. Binalarının ümumi sahəsi 55 min kvadrat metrdir.

1995-ci ildən başlayaraq universitet tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edir.

Hazırda bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsi üzrə 4 ixtisas üzrə mütəxəssis yetişdirir. Bununla yanaşı 2006-2007 tədris ilindən etibarən universitetdə 2 ixtisas üzrə MBA Proqramı açılıb.

Bu il universiteti 540 ba­ka­lavr və 230 ma­gistr başa vurub.

Qafqaz Universitetinin bağlanması Türkiyədə Fətullah Gülənlə əlaqəli hesab edilən təhsil işçilərinin kənarlaşdırlması ilə eyni vaxta təsadüf edir. Bundan öncə də Qafqaz Universitetinin Fətullah Gülən tərəfdarları ilə əlaqələri barədə yerli mediada məlumatlar yayılırdı.Bir il öncə Azərbaycanda Fətulla Gülən tərəfdarları ilə əlaqəli olduğu ehtimal edilən bir neçə orta məktəb fəaliyyətini dayandırıb.

XS
SM
MD
LG