Accessibility links

‘Bu qanun qadını zorakılıqdan qorumur’


Azərbaycanda gender fəalların bildirdiyinə görə, son 10 gün ərzində 5 qadın məişət zəminində qətlə yetirilib.

Qadınlara qarşı zorakılıq halları nədən qaynaqlanır? Bunun qarşısını almaq üçün ölkədə mövcud qanunvericilik bazası və görülən tədbirlər yetərlidirmi?

Azərbaycanda Məişət Zorakılığı Haqqında Qanun 2010-cu ildə qəbul edilib. 2020-ci il noyabrın 27-də isə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" qəbul olunub.

"Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı... "

Dövlət Statistika Komitəsi-nin açıqladığı rəqəmlərə əsasən, ötən ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Qurumun məlumatına görə, məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2019-cu ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub :

"Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub".

Açıqlamaya görə, bu ilin birinci rübündə isə qadınlara qarşı 550 cinayət faktı qeydə alınıb.

"160 qadın məişət zorakılığı ilə bağlı müraciət edib"

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi-ndən isə "Turan" Agentliyinə bildirilib ki, qadınlara qarşı cinayətlərin 25,5 faizi qəsdən sağlamlığa zərər vurmaqla qeydə alınıb:

"Komitəmizə yanvar ayından bu günə kimi 160 qadın məişət zorakılığı ilə bağlı müraciət edib. Müraciətlər dərhal araşdırılıb və cinayət tərkibi olduğu halda aidiyyəti üzrə göndərilib. Bəzi qadınlara isə mühafizə orderi verilib".

Qurumdan qeyd olunub ki, bununla bağlı davamlı olaraq bir sıra tədbirlər həyata keçirilir:

"Paytaxtda və rayonlarda Uşaq və ailələrə dəstək mərkəzlərimiz fəaliyyət göstərir. Məişət zorakılıqdan əziyyət çəkənlər həmin mərkəzlərə müraciət edirlər".

Komitədən bildirilib ki, məişət zorakılıqdan yalnız qadınlar əziyyət çəkmir:

"Uşaqlar da, kişilər də, yaşlı insanlar da məişət zorakılığı ilə üzləşir".

Vurğulanıb ki, qurum ailələrdə zorakılıq halları ilə preventiv tədbirlərin aparılmasına önəm verir :

"Komitənin təşəbbüsü ilə icra hakimiyyətlərin tərkibində məişət və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə aparan monitorinq qrupları yaradılıb. Biz bu qruplarla yaxından əməkdaşlıq edirik".

Qurumdan qeyd olunub ki, preventiv tədbirlər vaxtında görülməlidir:

"Əgər hər hansı bir fiziki və psixoloji zorakılıq halları müşahidə olunursa bunun qarşısı alınmalıdır". Gender fəalı Gülnara Mehdiyeva isə bir sıra müşahidəçilərin "son günlər qadınlara qarşı zorakılıq hadisələri artıb" ifadəsi ilə razı deyil. O, AzadlıqRadiosuna bildirib ki, sadəcə bəzi hadisələr gündəm olduğuna görə, belə halların sayının artması təəssüratı yaranır :

"Əslində isə biz mətbuatdan öyrəndiyimiz qədərini bilirik. Hadisələrin sayı isə həmişə çoxdur. Sadəcə xəbər nə qədər dramatik olursa o qədər də çox yayılır. Digər zorakılıq hallar isə gözümüzdən yayınır".

Səbəblər...

Fəal qeyd edib ki, zorakılığın artımının bir çox səbəbi ola bilər:

"Daha çox qadınların ailədaxili zorakılığa dözməyib ayrılmaq istədiyini bildirməyi, koronavirus pandemiyasından sonra insanlar arasında yaranan gərginliklər və bəzi digər səbəbləri göstərmək olar". G.Mehdiyeva İstanbul Konvensiyasının(Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyası 2011-ci ildə bu qurumun Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub. O, Azərbaycanda ratifikasiyasını vacib sayır :

"Biz tələb etməliyik ki, qanunlar işləsin. Bunun üçün isə siyasi iradə lazımdır. Yəni, Azərbaycan hökümətinin istəyi olmalıdır ki, bu problemi çözsün. İstəyi olarsa, İstanbul Konvensiyasını da qəbul edər, ona uyğun digər qanunvericiliyinin də adaptasiyanı aparar. İndi isə qanunlar yalnız kağız üzərindədir".

Onun fikrincə, məişət zorakılığı ilə bağlı qanunvericilik bazası yetərli deyil:

"Əgər bir kişi həyat yoldaşına qarşı ilk dəfə zorakılıq tətbiq edirsə, bunun cəzası cəmi 500 manatdır. Yalnız o zaman ona ağır cəza verilə bilər ki, onun təkrar hərəkətlərini işgəncə kimi tövsif etməyə mümkün olsun. Yəni, bu qanun qadını zorakılıqdan qorumur".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG