Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxsləri saxlayıb.
DTX-nin məlumatında deyilir ki, Azərbaycan vətəndaşları Mənsur Cumayev və Nəsir Cahangirovun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılan araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə Azərbaycanı tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak edib.
Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX-nin məlumatına Mənsur Cumayev və Nəsir Cahangirovun ailə üzvləri və vəkilləri hələ münasibət bildirməyib.
Rəsmi məlumatlara görə, vaxtı ilə Azərbaycanın yüzlərlə vətəndaşı radikal və ekstremist təbliğatın təsiri altında Əfqanıstanda, Pakistanda, Suriyada və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub.
Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb.
Terrorçu təşkilatlara qoşulan yüzdən çox vətəndaş Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. 150-dən çox insan isə Azərbaycan vətəndaşlığından məhrum edilib.